6-cı ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli oldu

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə 2023-cü il 6-10 sentyabr tarixlərində Bakıda, Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Filmlər beynəlxalq və uşaq münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək, qaliblər 6-cı ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətlərinin üzvləri yaxın zamanda elan olunacaq.

Festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

  • Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
  • Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
  • Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
  • Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 300 ABŞ dolları.
  • Tamaşaçı rəğbəti mükafatı.
  • Tərəfdaşların xüsusi mükafatları.

ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının partnyorudur və festivala maddi, o cümlədən, təşkilati dəstək göstərir.

aki.az