82 yaşın hesabatı və ya Anarın yaradıcılığına qısa baxış

14 Mart xalq yazıçısı, ssenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Anarın dünyaya göz açdığı gündür, 82 yaşı tamam olur.

A.Rzayev Bakıda, ədəbi ailədə-iki xalq şairinin sevgi dolu aləmində dünyaya göz açıb. Qələmin gücünə arxalanaraq yazdığı ilk bədii yazılarını(“İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini) Qarabağın dilər guşəsi olan qədim Şuşa şəhərində (1952) yay aylarında yazıb və beləliklə də qələmə sarılıb.

Anar müəllim deyir: “İlk yazımı 14 yaşımda yazıb ata və anama oxuyanda atam “sən də yazıçı oldun” – dedi. Amma 21 yaşıma qədər yazdığım yazıların heç birinin çap olunmağına icazə vermədi. “Ötən ilin son gecəsi” adlı hekayəmi yazanda oxudu və “bunu çap etdirə bilərsən” dedi və ilk yazım jurnalda belə çıxdı”.

İlk mətbu əsərləri “Azərbaycan” jurnalının 1960-cı il dekabr nömrəsində dərc olunan “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələri olub. Onun Azərbaycan dilində, eyni zamanda müxtəlif dillərdə 120 dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib.Türkiyədə 15, Moskavada 10, İranda 7, Macarstanda, Özbəkistanda və Estoniyada hərəsində 3, Polşada 2, Çexoslovakiyada 2 (çex və slovak dillərində), Rumıniyada 2(rumın və alban dillərində), Bolqarstanda 2, Gürcüstanda 2, eləcə də Almaniya Demokratik Respublikasında, Federativ Almaniyada, Avstriyada, İsveçrədə, İsveçdə, Yunanstanda, Kubada, Ukraynada, Qazaxstanda, Tacikistanda kitabları nəşr edilib və bu proses davam edir…

Qələmə aldığı əsərlərdə konkret nə kişi, nə də qadın qəhrəmanlar həyatda gördüyü insanlar deyil, sadəcəoxuduğu, eşitdiyi hadisələrdən yaranan obrazlardır deyən yazıçı, onu da qeyd edir ki, əsər yazıçı təxəyyülünün, fantaziyasının məhsuludur: “Təxəyyül məhsuludursa, artıq avtobioqrafik məqamlardan söhbət gedə bilməz.  Əsərlərimdə müsbət və ya mənfi qəhrəman yoxdur. Çalışıram ki, insanı olduğu kimi, bütün tərəfləri ilə təqdim edim. Çünki nə tam yaxşı, nə də tam pis insan olmur. Sadəcə, bəzilərində yaxşı, bəzilərində pis cəhətlər daha çoxdur”.

Onun ssenariləri əsasında 15 tammetrajlı bədii film (“Torpaq.Dəniz.Od.Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Qəm pəncərəsi”) çəkilib. Hətta bir çox filmlərin ssenari müəllifi olmaqla yanaşı, quruluşçu rejissoru da olub.

Yazıçının əsərləri digər ölkələrin kinematoqrafçılarının da diqqətini çəkib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi (ssenari E.Radzinski, rejissor S.Samsonov) çəkilib. Eyni hekayə əsasında Türkiyədə də bədii film çəkilmişdir. Bundan başqa Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib və daha nələr çəkiləcək, daha nələr yazıçı qələmindən ağ vərəq üstünə həkk olunacaq, bir sözlə, ömür davam edir və görüləcək işlər çoxdur.

A.Rzayevin 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi, Milli Məclisin mədəniyyət komissiyasının sədri olması və bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul etdirməsi fəaliyyətində mühüm yer tutur.

Yazıçı bildirir ki, ötən ömrə boylananda peşman olduğu heç bir şeylə qarşılaşmır, ancaq təəssüfləndiyi məqamlar var: “Düşünürəm ki, ictimai işlərə az, yaradıcılığa daha çox vaxt sərf etməliydim. Mən ictimai-siyasi fəaliyyətə ömrümün böyük bir qismini, demək olar ki, 30 ilini həsr etdim. Düzdür, o dövrdə bu da lazım idi, hətta vacib idi. Amma mən həmin illər ərzində yaza biləcəklərimin onda birini yazmadım”. Və onu da qeyd edir ki, 82 yaşında olsa da hələ uzun illər yaşamaq, çoxlu yaradıcılıq niyyətlərini həyata keçirmək istəyir. Bizlər də öz növbəmizdə, yazıçının çoxsaylı oxucuları adından onun bu arzusuna qoşuluruq.

Əziz və hörmətli Anar müəllim!

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti sizi 82 yaşınızın tamam olması münasibətilə böyük sevgilə təbrik edir, sağlam və uzun ömürlər arzu edir, bütün yaradıcı niyyətlərinizi həyata keçirmənizi arzulayır və “100 illik yubileyinizdə görüşənədək” deyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı

 

 

 

 

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı