Bədii kinomuzun hələ də borclu olduğu tarixi gün

Bu  gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür.

19-20 Yanvar 1990-cı il…Həmin gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti Azərbaycanın paytaxtı Bakı şəhərinə, eləcə də rayonlarına yeridilmiş, 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Faciə nəticəsində Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

Qeyd edək ki, planlı şəkildə hazırlanan bu təcavüzkar aksiya Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. 32 il öncə baş verən bu faciə  xalqın demokratiya və azadlıq uğrunda mübarizəsinə mane ola bilmədi, əksinə bu mübarizə daha da kəskin xarakter aldı və nəticə etibarlə müstəqillik qazanan Azərbaycanımız artıq dünya ölkləri sırasında özünə layiq yerə sahib olduğunu sübut edib.

Ölkəmizdə baş verən bu qanlı hadisəyə mədəniyyət dünyası,  ədəbiyyatımız, musiqi, təsviri incəsənətimiz biganə qalmadı, 20 yanvara həsr olunan sənət nümunələri yaranmağa başladı. Və ən böyük məsuliyyət Azərbaycan kinosunun üzərinə düşdü.

Kinematoqrafçılarımız 20 yanvar hadisəsini əks etdirən “Qanlı Yanvar”, “Boz qurdun harayı”, Bakıda insan ovu”, “Hüznlü ana”, “Şəhidlər və qazilər”, “Matəm”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. sənədli filmlər ərsəyə gətirdilər.

1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” tammetrajlı sənədli filmi “Salnamə” Sənədli filmlər Studiyasında istehsal edilib. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. Cəfər Cabbarlının “1905-ci ildə” pyesindəki bir səhnə ilə açılan filmdə qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlanması diqqətə çəkilir. “Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar” fikrinin səslənməsi və bu səhnədən sonra tamaşaçılar Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olurlar.

1990-cı ildə çəkilən digər film – “Matəm” filmi isə Qanlı Yanvar hadisəsində şəhid olmuş şəhidlərimizin xatirəsinə həsr olunub. Filmdə şəhidlərin qırx mərasimi ilə əlaqədar “Şəhidlər Xiyabanı”nda keçirilən ümumxalq matəmindən söhbət açılır. Eyni ildə çəkilən “Şəhidlərdən şəhidlərə” filmində 1989-cu il aprelin 9-da Tbilisidə “Şanlı” Sovet Ordusu hissələrinin dinc əhalinin başına gətirdiyi fəlakətin birinci ildönümü münasibətilə etiraz əlaməti olaraq üç azərbaycanlı vətəndaşın Bakıdan Tiflisə yürüş etməsindən, onların  dərdinə şərik olmalarından danışılır.

Rejissor Ziya Şıxlinskinin 1990-cı ildə Qarabağ Xalq Yardımı Komitəsinin sifarişi ilə çəkdiyi “Ruslar müharibə istəyirmi?” filmində sovet qoşunlarının 1956-cı ildə Budapeştə,  1968-ci ildə Praqaya, 1979-1989-cu illərdə Əfqanıstana, 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə və 1990-cı ildə Bakıya soxulmalarının səbəb və nəticələrindən bəhs edir. Filmin adından göründüyü kimi, rejissor Yanvar hadisələri baş vermədən öncə rusların planlı şəkildə bir çox respublikalarda faciə törədərək dinc əhalinin ölüm hökmünü verməsi və sonda bu hadisənin paytaxtımızda bir növ davam etməsi verilən sualın cavabını ortaya qoyur. Bu da o deməkdir ki, Rusiya müharibə sevdiyi üçün bir ölkə olaraq illərdir ki, planlı təxribatlar törətməklə məşğuldur.

1991-ci ildə çəkilən “Hüznlü ana” adlı sənədli filmdə faciə şahidləri yaşanan müsibətləri danışaraq tamaşaçını bir daha o günlərə götürür. Filmdə 1828-ci ildən -Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsindən – müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz əksini tapıb. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə apararaq şəhid olanlardan söhbət açılır, Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr diqqətə çəkilir. Sonralar “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və s. sənədli filmlərdə də o dəhşətli gecədə günahsız insanların faciəli ölümünə etirazlar, xalq birliyinə çağırışlar səslənir, qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilib.

Yeri gəlmişkən, 20 Yanvar şəhidlərinin dəfn olunduğu gün çəkilən kadrlar “Salnaməfilm” studiyasının operatorlarının əməyidir. O anları  operatorlar Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb.

Yanvar hadisəsindən 32 il keçməsinə baxmayaraq “Azərbaycanfilm” kinostudiyası, “Salnaməfilm”, eləcə də “Azərbaycantelefilm” (AzTV) və digər yaradıcılıq studiyalarında həmin tarixə həsr edilən ekran əsərləri istehsal olunur.

Doğrudur, 20 Yanvar hadisəsinə həsr olunan onlarla ssenarilər yazıldı, onlarla sənədli filmlər çəkildi. Ancaq hadisə bədii film kimi ekranlaşdırılmadı. Demək olmaz ki, ssenari yox idi, əksinə bir çox ssenarilər yazı üzərində qalıb.

Rejissor, ssenarist Yavər Rzayevin hadisədən bir neçə il sonra yazdığı və illərdir çəkilişini gözlədiyi “Əlvida Rusiya” ssenarisi kimi. Bədi film üçün nəzərdə tutulan ssenari hələ də öz vaxtını gözləyir. Rejissor deyir ki, ssenarinin adının dəyişilməsini təklif etsələr də qəbul etməyib. Çünki ssenaridə olan siyasi gediş adla bribaşa əlaqəli olduğu üçün dəyişmək olmaz.

Ssenarist, rejissor Vahid Mustafayevin 2015-ci ildə çəkdiyi “Qanlı Yanvar” bədii filmi 20 yanvar hadisələrinə həsr olunmuş ilk tametrajlı bədi film hesab olunur. Filmdə məlum hadisə bizə bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir. İki qardaş, KGB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat –inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Hadisələrin mərkəzində, onlara həyat verən ana – Xədicə xanım bir sipər kimi dayanır. Rejissor filmdə real hadisələri canlandırmağa çalışıb.

Xatırladaq ki, “Qanlı Yanvar” filmi 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunub. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyədən tanınmış aktyorlar rol alıblar.

Baş verən hadisəyə obyektiv yanaşmaq üçün bəzən illər tələb oluna bilər. 20 yanvar hadisəsinin baş verməsinin 32-ci ili tamam oldu, ancaq hələ də bu hadisə ekranlarda tam olaraq işıqlandırılmadı. Ola bilsin ki, yenə də uzun illər lazım olacaq…

20 Yanvar şəhidlərini böyük hörmət və ehtiramla yad edirik!

Aki.az