Xalq yazıçısı Anarın təklifilə Rasim Balayevin namizədliyi yekdilliklə təsdiq olundu

11 may 2022-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirildi.

İclasın gündəliyinə katibliyin 2022-ci ilin ilk dörd ayının hesabatı, AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş təşəbbüslərin, Kino Muzeyi layihəsinin müzakirəsi və cari məsələlər daxil idi.

İclasda Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, rejissorlar Oleq Səfərəliyev, Nizami Abbas, Cavid İmamverdiyev, Tahir Tahiroviç, Əli İsa Cabbarov, Adil Qulamov, Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru Lalə Əfəndiyeva, yazıçı Nəriman Əbdülrəhmanlı iştirak edirdi.

Xalq yazıçısı Anarın təklifilə öncə kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iclası giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verdikdən sonra sözü yazıçı Anara  verdi.

Xalq yazıçısı mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim etdi. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqlədi.

Xatırladaq ki, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək. Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olundu. Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü təklif kimi təqdim olundu.

Təşəbbüslərin müəyyən hissəsinin Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulsa da, bəzilərinin reallaşdırılması ilə bağlı ölkə rəhbərliyinə müraciət olunacaq.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə(“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, Birisigün gecəyarısı”, “Qanlı zəmi”, “İstintaq”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə”, “Həm ziyarət, həm ticarət”, “Qala”, “Cavid ömrü” və s.) əsas rollarda çəkilib. Eyni vaxtda “Özbəkfilm” “Mosfilm” və b. studiyalarda da  filmlərə çəkilib.

1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.

aki.az