Kino Evində Cəmil Fərəcovun filmlərinin təqdimatı
Kino Evində Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun rejissoru olduğu “Malakanlar” və “Əbədiyyətə uçuş” sənədli filmlərinin təqdimatı olacaq. Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılan hər iki film “Salnamə” studiyasında lentə alınıb.
Qeyd edək ki, “Malakanlar” sənədli filminin çəkilişləri yenicə başa çatıb və ilk dəfə nümayiş olunacaq.
Gədəbəy rayonunun Novosaratovka kəndində çəkilişləri baş tutan filmin mövzusu, azsaylı xalqlardan olan malakanların ildən-ilə azalmasından bəhs edir.
Sənədli filmin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov, quruluşçu operatoru Üzeyir Abbas, icraçı prodüseri Kamil Məmmədov, baş prodüser Nazim Hüseynovdur.
“Əbədiyyətə uçuş” sənədli filmi isə Milli Qəhrəman Viktor Seryoginə həsr olunub.
Seryogin Kremençuq Mülki Aviasiya Məktəbini bitirib.Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub. Azərbaycanı öz doğma vətəni kimi sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində növbəti uçuş zamanı erməni silahlı dəstələrinin vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub.
Filmin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur.
Xatırladaq ki, hər iki sənədli film 19 yanvar(saat18.00-da) Azərbaycan Kinematoqrafçlar İttifaqının Kino Evində nümayiş olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı