Türk mədəniyyətini dünyanın ən qədim və ən geniş yayılmış mədəni irslərindən biri olaraq gələcək nəsillərə ötürülməsi və bu irsin qorunub saxlanılması məqsədilə “Məzlumlara azadlıq” devizi ilə IX Türk Dünyası Sənədli Film Festivalı keçirilib.
Doqquzuncu dəfədir ki, keçirilən, türk dövlətlərindən 300 müraciətin daxil olduğu festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Macarıstan və Şimali Makedoniya iştirak edib.
On filmin müxtəlif nominasiyalarda mükafat qazanacağı festivalda “Bədii-sənədli film”, “Qısametrajlı sənədli film” və “Tələbə sənədli filmi” kateqoriyalarının qalibləri türkiyəli sənədli film rejissorları və akademiklərdən ibarət ilkin münsiflər heyəti tərəfindən müəyyən edilib.
“Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer almışdı.
Sənədli film Türk Dövlət Təşkilatı Modern İpək Yolu Turizm Kuşağının xüsusi mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma gecəsində filmin rejissoru Mübariz Nağıyevə xüsusi mükafat təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir.
Çəkilişləri Bakıda, İsmayıllıda, Gədəbəy və Kəlbəcərdə aparılmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
aki.az