Noyabrın 17-də “CineMastercard Azərbaycan” kinoteatrında Frankofon Filmlər Festivalının açılışı olub. Festival Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), Fransa Respublikasının, İsveçrə Konfederasiyasının və Belçika Krallığının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan kino tənqidçisi və moderator Sevda Sultanova festival haqqında tamaşaçıları məlumatlandırdı. Daha sonra söz AKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədovaya verildi. Qonaqları salamlayan Şəfiqə Məmmədova tədbirin keçirilməsinə şərait yaratdığına görə əvvəlcə “CineMastercard” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadəyə təşəkkür elədi: “Azərbaycan Kinematoqrafçılar İttifaqı «Azərbaycan» kinoteatrı ilə sıx əməkdaşlıq edir. Burada film festivalları keçiririk. Sevinirəm ki, bugünkü festival da məhz burada keçirilir. Bu kinoteatrı tələbəlik illərimdən, gəncliyimdən çox sevmişəm. Kinoteatr paytaxtımızın ən gözəl kinoteatrlarından biri olub.

Zalda kinematoqrafçılarla yanaşı, fransız filmlərini sevənləri də görürəm. Tədbirdən əvvəl Fransa səfiri ilə söhbət etdik, fransız musiqisindən danışdıq. Biz gəncliyimizdən fransız filmlərinə baxmışıq, bu filmlərlə böyümüşük, onların musiqilərini dinləmişik. Fransız filmləri həm də öz musiqiləri ilə populyarlıq qazanıb. Əminəm ki, bu gün baxacağımız filmdə də fransız musiqisi xüsusi yer tutur. Ola bilsin ki, gələcəkdə « Fransız kinosu və musiqisi » mövzusunda da birgə layihəmiz olsun. Hamınıza uğurlu baxış arzulayıram!”
Daha sonra Fransanın ölkəmizdəki səfiri Sofi Laqut iştirakçıları salamladı:
“Bu axşam «Azərbaycan» kinoteatrında belçikalı və isveçrəli həmkarlarımla, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqından olan tərəfdaşlarımızla birlikdə Frankofon Film Festivalını açmaq mənim üçün böyük məmnuniyyətdir. Onlara səmimi qəlbdən təşəkkür edirəm. Bu festival təxminən 400 milyon insanın danışdığı ortaq dilimizi təşviq etmək, eyni zamanda dünyada mədəni müxtəlifliyə, əməkdaşlığa və sülhə sadiqliyimizi vurğulamaq üçün fürsətdir. Frankofoniyanın ruhu kinoda xüsusilə aydın ifadə olunur. Kino açıqlıq, dialoq və müxtəliflik kimi dəyərlərimizi çatdırmaq üçün güclü vasitədir. O, fərqlərimizə baxmayaraq bizi bir araya gətirir, fikir mübadiləsinə yol açır və ortaq təcrübələr yaradır. Fransa kinosunun «Yeni dalğa» cərəyanının tanınmış rejissoru Jak Rivetin dediyi kimi, «Kino sərhədləri aşaraq tamaşaçıları ortaq hisslər ətrafında birləşdirə bilən dildir». Bu axşamdan başlayaraq qarşıdakı həftələr ərzində sizə müxtəlif ölkələrin, janrların və üslubların yüksək keyfiyyətli filmlərini təqdim edəcəyik. Ümid edirəm ki, bu filmləri, xüsusilə də bu axşam nümayiş olunacaq «Orkestr qardaşları» filmini bəyənəcəksiniz. Film tamaşaçılar arasında böyük uğur qazanıb və «Sezar» mükafatına yeddi kateqoriya üzrə namizəd göstərilib.Dəyərli əməkdaşlığa görə Azərbaycan Kinematoqrafçılar İttifaqına bir daha təşəkkür edirəm. Frankofon kinosuna göstərdiyiniz marağa görə Azərbaycan ictimaiyyətinə və hər birinizə minnətdaram.”

Belçikanın ölkəmizdəki səfiri Jülən Dö Frepon çıxışında bildirdi ki, Bakıda keçirilən Frankofon Film Festivalında iştirak etmək bizim üçün böyük məmnuniyyətdir. “İlk növbədə, bu festivalın keçirilməsini mümkün edən Azərbaycan Kinematoqrafçılar İttifaqına səmimi minnətdarlığımı bildirmək istərdim. Bu əməkdaşlıq bizə kinonun universal dil olduğunu xatırladır. Frankofoniya bizi ortaq dil, mədəniyyətlər və dəyərlər ətrafında birləşdirir. Bu festivalda fransız dili ilə yanaşı, cəmiyyətlərimizin mədəni müxtəlifliyini və yaradıcılığını da qeyd edirik.

Belçika Jan-Pyer və Lük Darden qardaşlarının çəkdiyi «Velosipedli uşaq» filmi ilə builki festivala töhfə verməkdən qürur duyur. Bu iki əfsanəvi rejissorun filmləri beynəlxalq səviyyədə tanınıb və Kann Film Festivalında ən yüksək mükafatlara layiq görülüb. Darden qardaşları qeyri-adi çətinliklərlə üzləşən sadə insanların hekayələrini danışırlar. Onlar qəhrəmanlarının hisslərini və çətinliklər qarşısında göstərdikləri dözümü səmimiyyətlə, həssaslıqla və özünəməxsus üslubda ekrana gətirirlər. Hamınızı gələn çərşənbə axşamı bu kinoteatra qayıdıb «Velosipedli uşaq» filmini izləməyə ürəkdən dəvət edirəm. Bu axşam isə Fransanın «Orkestr qardaşları» filminə baxacağıq. Düşünürəm ki, bu film də bizi duyğulandıracaq. Film Belçikada böyük uğur qazanıb və Namur Frankofon Film Festivalında nüfuzlu Tamaşaçı Mükafatına layiq görülüb. Bu axşam filmi təqdim etdiklərinə görə fransalı həmkarlarımıza təşəkkür edirəm. Sizə ilhamverici festival və xoş seyr arzulayıram!”
İsveçrə Səfirliyinin attaşesi Erika Garsia tədbir işitrakçılarını salamladıqdan sonra, səfir Tomas Stehlinin bu axşamda iştirak edə bilməyəcəyini təəssüflə qeyd etdi: “Bakıda frankofon mədəniyyətlərinin zənginliyini və müxtəlifliyini tərənnüm edən Frankofon Filmlər Festivalının açılışında iştirak etməkdən böyük məmnunluq duyuram. İsveçrənin dörd dövlət dili var: alman, fransız, italyan və romanş dilləri. Dil və mədəniyyət müxtəlifliyi ölkəmizin ən böyük sərvətlərindən biridir və biz bununla fəxr edirik. Beynəlxalq Frankofoniya Təşkilatının təsisçi üzvü kimi kino vasitəsilə mədəniyyətlərarası dialoqu və mübadiləni təşviq edən bu tədbirə töhfə verməkdən məmnunuq. Dialoq və mübadilə Azərbaycanla münasibətlərimizdə də mühüm yer tutur. Dekabrın 8-də Siril Şöublinin rejissoru olduğu «Qarışıqlıq» («Désordres») adlı İsveçrə filmini sizə təqdim etməkdən məmnun olacağıq. Film bizi XIX əsr İsveçrəsinin saat istehsalı dünyasına aparır. Dəyərli əməkdaşlığa görə Fransa və Belçika səfirliklərinə, eləcə də bütün tərəfdaşlara və təşkilatçılara səmimi təşəkkürümü bildirirəm. İndi isə sözü kinoya verək! Sizə gözəl axşam, kəşflər və duyğularla dolu festival arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm”.

«CineMastercard» kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə çıxışında festivalın təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına, xüsusilə, ittifaqın sədri Şəfiqə Məmmədovaya, eləcə də səfirliklərə təşəkkür edib. O, mədəniyyətlərarası dialoqa xidmət edən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra “Orkestr qardaşları” filmi nümayiş olunub. Nümayişdən sonra peşəkar kinematoqrafçılar Rəfail Qəmbərov, Rövşən İsax, Əliqulu Səmədov, gənc rejissor, prodüser Leyla Şah, kino yazarları Sədaqət Kamal, Seymur Xəlilov və digər iştirakçılar film haqqında fikirlərini bölüşüblər. Qeyd edək ki, festival çərçivəsində noyabrın 24-ü belçikalı rejissorlar Jan-Pyer və Lük Darden qardaşlarının“Velosipedli uşaq” (Le Gamin au vélo, 2011) filmi nümayiş olunacaq.

