Noyabrın 24-də “CineMastercard Azərbaycan” kinoteatrında Frankofon Filmlər Festivalı çərçivəsində ikinci nümayiş baş tutub. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), eləcə də Fransa Respublikasının, İsveçrə Konfederasiyasının və Belçika Krallığının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçirilən festivalda belçikalı rejissorlar — Darden qardaşlarının “Velosipedli oğlan” bədii filmi göstərilib.
Tədbiri giriş sözü ilə açan kinotənqidçi və moderator Sevda Sultanova Darden qardaşları haqqında qısa məlumat verib: “Jan-Pyer və Lyuk Darden qardaşları beynəlxalq kinofestivallarda çoxsaylı mükafatlara layiq görülüblər. Qardaşlar kino fəaliyyətinə sənədli filmlərlə başlayıb, daha sonra yaradıcılıqlarını bədii kinoda davam etdiriblər. Onların “Rozetta” bədii filmi 1999-cu ildə Kann kinofestivalında “Qızıl Palma Budağı”na layiq görülüb. 2005-ci ildə isə digər filmləri — “Övlad” ilə Kannda ikinci dəfə əsas mükafatı qazanıblar. Darden qardaşları daha çox sənədli kino estetikasında çəkirlər; qəhrəmanları maddi baxımdan aztəminatlı insanlar, fəhlələr, mühacirlər və valideyn himayəsindən məhrum olan uşaqlardır. Bu gün izləyəcəyimiz “Velosipedli oğlan” filmi də atasının tərk etdiyi uşağın hekayəsidir və bu ekran əsəri Kannda Qran-priyə layiq görülüb”.

Nümayişdən sonra filmin müzakirəsi başlayıb. Müzakirəni Sevda Sultanova ilə birgə kinoyazar Mirbağır İsmayılov aparıb. S.Sultanova “Velosipedli oğlan” filminin hekayəsinin Yaponiyada yarandığını qeyd edib:
“Darden qardaşlarının filmlərindən biri Yaponiyada nümayiş olunarkən valideyn himayəsindən məhrum uşaqlarla işləyən bir qadın onlara yaxınlaşır. O, rejissorlara atasının tərk etdiyi, lakin hələ də onu gözləyən və axtaran balaca oğlanın hekayəsini danışır. Bu əhvalat qardaşları çox təsirləndirir və onlar sonradan yapon uşağın hekayəsi əsasında bu filmi çəkirlər. Darden qardaşları müsahibələrində vurğulayırlar ki, sosial və siyasi məsələlər səbəbindən ciddi problemlər yaşayan fərdlər haqqında film çəkmək onlara cəmiyyətə daxildən baxmaq və onun necə qurulduğunu daha yaxşı görmək imkanı verir. Adətən, rejissorlar filmlərində dialoqlara az önəm verirlər və onların fikrincə, əsas məsələ insanlar arasında minimal ünsiyyət səviyyəsini tapmaqdır”.

Mirbağır İsmayılov isə filmlə bağlı belə bir sual qoydu: “Kino (eləcə də narrativə əsaslanan digər sənət növləri) mövzuları bu cür bəsit şəkildə işləməklə məşğul olmalıdır, yoxsa mövzudan və kontekstdən doğan daha dərin hisslərin, onlarla üz-üzə gəldikdə göstərdiyimiz reaksiyaların (“Velosipedli oğlan” filmində olduğu kimi sevgi, qorxu, mərhəmət duyğularının) araşdırılması ilə? Başqa cür desək, incəsənət yaşantılarımızı illüstrasiya etmək, üzdə olanı göstərmək, günahkarı və səbəbkarı yalnız kənarda axtarmaqdır, yoxsa daxilə — daha dərinə baxmaq, hər kəsin enə bilmədiyi dəryadan dürr çıxarıb göstərməkdir?”


Bu fikir tamaşaçılar arasında qızğın və fərqli müzakirələr doğurub. Müzakirə əsnasında rejissorlar Ələkbər Əliyev, Leyla Şah, hüquqşünas Rüfət Abdulla, naşir Əfsanə Yusif, kinoyazarlar Sədaqət Kamal, Əli Aşumov və digər tamaşaçılar “Velosipedli oğlan” filminin siyasi, sosial, psixoloji və emosional kontekstini vurğulayıblar. İştirakçılar eyni zamanda filmin humanist aspektindən, personajların qarşılıqlı münasibətindən, onların qarşısında dayanan seçimlərdən və məsuliyyət hissindən danışıblar. Müzakirə zamanı baş rolun ifaçılarından Toma Dorenin təbii və Sesil de Fransın təmkinli, ölçülü aktyor oyunu yüksək qiymətləndirilib.

Qeyd edək ki, festival çərçivəsində dekabrın 1-də fransız rejissor Klod Şabrolun ilk tammetrajlı bədii filmi olan “Yaraşıqlı Serj” (Le Beau Serge, 1958) ekran əsəri nümayiş olunacaq.
aki.az

