Azərbaycan Kinematoqrafçılar İttifaqı Vətən müharibəsinin ildönümü münasibətilə müharibə mövzusuna həsr olunmuş silsilə film nümayişləri təşkil edəcək.
Proqram çərçivəsində dünya kinematoqrafiyasının klassik nümunələri ilə yanaşı, Azərbaycan kinosunda müharibə mövzusuna müraciət edən bədii və sənədli filmlər nümayiş olunacaq. Seçilmiş ekran əsərləri müharibənin insan talelərinə təsirini, qəhrəmanlıq və vətənpərvərlik duyğularını, itkiləri, mənəvi sarsıntıları, eləcə də müharibənin fərdi və kollektiv yaddaşda buraxdığı dərin izləri müxtəlif dövrlərin və rejissorların baxış bucağından təqdim edəcək.
Layihənin məqsədi kino sənəti vasitəsilə tarixi yaddaşı yaşatmaq, müharibə mövzusunun milli və dünya kinematoqrafiyasında bədii ifadə formalarını tamaşaçılara təqdim etmək, eyni zamanda müharibənin yalnız hərbi və siyasi hadisə deyil, həm də dərin humanitar və mənəvi nəticələr doğuran faciə olduğunu göstərməkdir.
Nümayiş olunacaq filmlər tamaşaçıları müharibənin insan həyatına, ailə münasibətlərinə, cəmiyyətə və gələcək nəsillərə təsiri, insan ləyaqəti, mənəvi dəyərlər və sülhün əhəmiyyəti haqqında düşünməyə dəvət edir.
Layihə çərçivəsində müxtəlif ölkələrin və dövrlərin kino nümunələrinin bir proqramda birləşdirilməsi müharibə mövzusuna fərqli tarixi, mədəni və estetik yanaşmaları müqayisə etmək imkanı yaradacaq. Bununla da proqram müharibənin milli yaddaşımızdakı yerini daha geniş, ümumbəşəri kontekstdə dəyərləndirməyə və kino vasitəsilə humanizm, yaddaş və sülh mövzularında ictimai dialoqu təşviq etməyə xidmət edəcək.
15 oktyabr – “İyirmi müharibəsiz gün” (1976) tammetrajlı bədii filmi. Rejissor: Aleksey German (97 dəqiqə). Azərbaycan dilində dublyaj.
22 oktyabr – “Nəfəs” qısametrajlı bədii filmi, rejissor Elmar Bayramov (30 dəqiqə); “Uşaqlıq fotosu” qısametrajlı sənədli filmi, rejissor Pərviz Həsənov (30 dəqiqə); “Rasim könüllü idi” qısametrajlı sənədli filmi, rejissor Ələmdar Faiq (14 dəqiqə).
29 oktyabr – “Gəl və gör” (1985) tammetrajlı bədii filmi. Rejissor: Elem Klimov (137 dəqiqə). Azərbaycan dilində dublyaj.
5 noyabr – “Hasar” qısametrajlı bədii filmi, rejissor Qulu Əsgərov (25 dəqiqə) və “Qütb ulduzu” qısametrajlı bədii filmi, rejissor Şirin Əhmədov (41 dəqiqə).
Film nümayişləri Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında keçiriləcək.

