Ad gününüz mübarək, ustad!

Yazıçı dünyası bir başqa ruh üstündə köklənir: Müşahidəçilik qabiliyyəti, həyatda gördüklərindən nə dərəcədə təsirlənmək, hadisələrə baxaraq nəticə çıxartmaq və nəhayət qələmə sarılaraq düşüncələrini ağ vərəq üzərinə köçürmək kimi…Bu baxımdan ilk qələm təcrübəsi çox önəmlidir və ilk oxucu da bu təcrübədə böyük rol oynayır. Necə ki, Rüstəm İbrahimbəyovun həyatında ilk hekayəsi rol oynadı, həyat yolunu istiqamətləndirdi…Yəqin  buna görə deyirlər ki, həyatda təsadüfi heç nə yoxdur.

O, ilk hekayəsini 22 yaşında, son kursda təhsil aldığı ildə yazdı, “Mürəbbəsiz çörək” adlanan hekayə dost-tanış tərəfindən bəyənildi və “Yunost” jurnalına göndərildi. Orda da hekayəni bəyəndilər, dərc etdilər və müəllifə yazdılar ki, bu işi davam etdirin. Həmin hekayə “Azərbaycan gəncləri” qəzetində də çap olundu. Və beləliklə də sonralar Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olacaq, Xalq yazıçısı fəxri adına layiq görüləcək, Azərbaycanı dünya ölkələrində tanıtdıracaq Rüstəm İbrahimbəyovun yazıçılıqda atdığı ilk addımlarının bünövrəsi qoyuldu. Hətta əsaslı şəkildə qoyuldu…Bunun nəticəsidir ki, onun pyesləri dünyanın 100-dən çox ölkəsinin teatrlarında tamaşaya qoyuldu, ssenariləri əsasında filmlər çəkildi və daha nələr…

Rüstəm müəllim deyir ki, mənim işim, əsasən, ssenari yazmaqdır və lazımi səviyyədə ssenari yazanda vətənimiz, milli kinomuz qarşısında öz borcumu yerinə yetirdiyimi hesab edirəm.

Bəzən deyirlər ki, müəllim olmaq üçün sadəcə pedaqoji fəaliyyətlə məşğul olmaq lazım deyil. Gənc nəslin yetişməsində rol oynamaq, onlara öz sahən üzrə biliklərini aşılamaq elə müəllimlik peşəsi qədər müqəddəsdir.

Xalq yazıçısı qeyd edir ki, neçə ildir, gənclərlə məşğul olur: “Bizim nəslin sıraları tədricən seyrəldiyindən, gənclərə daha çox yer verilməlidir. İstedad Allahdan gəlir, amma peşəkarlığı öyrənmək lazımdır. Bunlar ikisi birləşəndə, deyə bilərik ki, yaxşı ssenarist, rejissor çıxa bilər, ya yox”.

Rüstəm İbrahimbəyovun yazıçı-ssenarist kimi oxucusu, ssenariləri əsasında çəkilən filmlərinin tamaşaçısı çoxdur ki, bunun da səbəbi çox sadədir. Çünki o, bir yazıçı, bir ssenarist kimi öz oxucusunun, öz tamaşaçısının fikrini daima nəzərə alır, oxucu fikrinə, tamaşaçı düşüncəsinə hörmətlə yanaşır və deyir ki, tamaşaçısız kino əsəri olmur: “Adam var deyir ki, məni tamaşaçı maraqlandırmır, sənət naminə çəkirəm. Şəsxən məni tamaşaçı maraqlandırır. Əsər dəniz kimi olmalıdır. Üzə bilməyənlər elə bir balaca sahildə yaxalanacaq, üzə bilənlər suya girəcək, yaxşı üzgüçülər isə daha dərinlərə baş vuracaqlar”.

Yeri gəlmişkən, Rüstəm İbrahimbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etdiyi illər kinematoqrafçılar, ümumiyyətlə götürdükdə isə Azərbaycanı kinosu üçün gördüyü işlər uzun illəri əhatə edir və geniş müzakirə mövzusudur. Onun görkəmli rejissorlar – Lətif Səfərov və Həsən Seyidbəylinin yolunu davam etdirərək bütün kino təşkilatları ilə əməkdaşlıq etməsi, kinematoqrafçıların seçdiyi mövzularda film çəkməsinə şərait yaratması, qeyd etdiyimiz kimi, tamaşaçına hörmətlə yanaşması, tamaşaçı fikrini əsas götürməsi və s. kimi məqamlar əslində Rüstəm İbrahimbəyov şəxsiyyətinin özəlliyidir.

Bu gün kino ustadının ad günüdür, 82 yaşı tamam olur. Hər ad gününün öz hədiyyəsi, öz hesabatı olur. Hesabat bir insanın özüylə, gördüyü işlərlə üzləşməsi və ətrafına anlatdıqlarıdır ki, Rüstəm müəllim açıq sözlü olması ilə tanınır, onun çox sevdiyi oxucusundan, tamaşaçısından, lap dəqiq desək, doğma xalqından gizlədəcək bir işi olmaz. Bütün yaşadıqları ilə daima xalqla ünsiyyətdə olmaq onun iş prinsipinə söykənir.

Hədiyəyə gəlincə, düşünürük ki, Rüstəm müəllim, bu il ad gününə ən gözəl hədiyyəni alıb. Hansı hədiyyə, əlbəttə 30 ilə yaxındır ki, torpaqlarımızın işğal altında olması və nəhayət güc birliyi ilə Qarabağımızı xilıas etməyimiz…

Çoxları deyirdi ki, artıq xalqın vətənpərvər ruhu yoxdu və kimsə gedib Qarabağı almayacaq. Həyat isə əksini sübut etdi – Qarabağ işğaldan azad olundu. Belə bir vaxtda Xalq yazıçısı Rüstəm İbrahimbəyov yaşadığımız o həyəcanlı günlərin sevincini yazıya köklədi, doğma torpağına maddi-mənəvi köməyini əsirgəmədi və hazırda böyük ruh yüksəkliyi içərisində olduğunu bildirdi: “30 il ərzində azərbaycanlılar haqqında çox sözlər deyirdilər. Deyirdilər ki, azərbaycanlıların müharibə aparmaq qabiliyyəti çatmır. Bütün dünyaya təsdiq etdik ki, biz müharibə etməyi bacarırıq. Eyni zamanda, sülhsevər xalqıq. Ermənistan bizi məcbur etdi ki, onlarla savaş dilində danışaq. Bütün dünya gördü ki, Azərbaycan ordusu çox güclüdür. Azərbaycanın qeyrətli oğulları var. Eləcə də xalq olaraq yumruq kimi birləşməyi bacardıq. Azərbaycanlılar haqqında yanlış fikirləri Qarabağ uğrunda gedən döyüşlər məhv etdi. Belə bir məqamda Azərbaycan Kinematoqrafçılar İttifaqı da boş dayanmadı. müsabiqə elan etdik. Müharibə məzmununda ssenarilər yazılır. Qələbə həm də yaradıcı adamların stimul yeridir. Biz daha da  böyük həvəslə çalışacağıq”.

Rüstəm müəllim, daha böyük həvəslə çalışacağınıza inanırıq, çünki qarşıda görüləcək işlər çoxdur: yazılacaq ssenarilər, çəkiləcək filmlər sizi gözləyir.

Dəyərli insan Rüstəm İbrahimbəyov! Sizi doğulduğunuz bu gözəl gün münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından böyük sevgi ilə təbrik edir, sağlıqlı həyat tərzi, uzun ömürlər arzulayır və “DAİMA VAR OLUN, AD GÜNÜNÜZ MÜBARƏK, USTAD” deyirik.

Xədicə QİYAS