Afaq Yusifli beynəlxalq təlimdə iştirak edib

6-13 mart tarixlərində Gürcüstanın Bakuriani şəhərində Erasmus+ TC çərçivəsində “Gender bərabərliyində açıq havada təhsil” təlim kursu baş tutdu. Azərbaycanı uğurla təmsil edən 3 nəfər iştirakçı (İnformasiya texnologiyaları mütəxəssisi Əsmər Bağırova, hüquqşünas İlham Qasımov) arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr/ layihə meneceri Afaq Yusifli də var idi. Avropa Birliyi və Şərq tərəfdaşları ölkələrindən 12-sinin yer aldığı (Azərbaycan, İspaniya, Polşa, Latviya, Finlandiya və s.) layihədə əsas məqsəd, qeyri-formal təhsil üsulu ilə öyrənmə metodlarını təkmilləşdirmək, praktiki məşğələlərdə (idman, kino və s.)  gender bərabərsizliyinin aradan qalxmasına töhfə verməkdir.

Layihənin rəsmi elanında bildirilir ki, keçən onilliklərdə cəmiyyətimizdə gender bərabərliyinə doğru ümumilikdə müsbət tendensiya müşahidə etsək də, ayrıseçkiliyin və bərabərsizliyin bir çox formaları davam edir və onlarla mübarizə aparılmalıdır. Açıq havada təhsil və açıq hava fəaliyyəti, ümumiyyətlə, bu cür bərabərsizliklərdə istisna edilmir, bir çox fəaliyyət növlərində fərqlilik təhsildə qadınları əksər hallarda “qapalı məkanda” öyrənməyə təşviq edir. Gənclərlə çalışan işçi qruplarına inklüziv açıq hava fəaliyyətini həyata keçirə bilməsi üçün təlimlərin keçirilməsi müsbət meyillər yarada və gənclər sektoru, Avropa Birliyi və onun qonşu ölkələri üçün faydalı olacaq müsbət vərdişləri inkişaf etdirə bilər.

Azərbaycan tərəfinin təmsilçiliyini “Sağlam Düşüncə Gənclər təşkilatı”nın yerinə yetirdiyi təlim kursunun məqsədi, ayrıseçkilik üzrə məlumatlılığın artırılması, iştirakçıları genderəsaslı bərabərsizliklərlə mübarizə aparmaq üçün bilik və bacarıqlarla təmin etmək, qapalı və ya açıq məkanlarda fəaliyyət üçün təlim keçmək, gənclərlə iş və açıq hava təhsilində daha yaxşı gender bərabərliyi üçün tövsiyələrin formalaşdırılması və onlar arasında idman və yeni fəaliyyətlə təcrübə üçün inamın artırılması olmuşdur. Layihə gənclərlə işçi qrupları, gənc liderlər və gənclər sahəsində fəal olan şəxslər üçün nəzərdə tutulmuşdur.

Bildirək ki, Azərbaycan Kinematorafçılar İttifaqı bu günə qədər Bakı və regionlarda gənclərə ünvanlanmış 6 layihə həyata keçirmişdir.

aki.az