AKİ 6-cı ANİMAFİLM festivalına maliyyə dəstəyi ayırdı

Xəbər verdiyimiz kimi, 2023-cü il 6-10 sentyabr tarixlərində Bakıda, “Nizami” Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Bu il festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

Festivalın maraqlı filmlərlə bərabər, tamaşaçılara daha bir maraqlı sürprizi olacaq. Belə ki, Oskar mükafatı laureatı, holland animatoru, rejissor Maykl Dudok De Vit, özünün “Qırmızı tısbağa” (2016) (The red turtle) filmini festivalda təqdim edəcək. Film, “Ən yaxşı animasiya filmi” kateqoriyasında Oskar mükafatına namizəd olub. “Qırmızı tısbağa” filmi sentyabrın 8-də “Nizami” Kino Mərkəzində nümayiş olunacaq.

Festival zamanı bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il olduğu kimi bu dəfə də ANİMAFİLM festivalına tərəfdaşlıq edir. Festival hərəkatına daim dəstəkçi olan AKİ-nin katibliyindən verilən məlumata görə, ittifaq, sözügedən festivalla yanaşı, DokuBaku beynəlxalq sənədli film festivalını, “Sevil” beynəlxalq qadın sənədli film festivalını dəstəkləyir.

aki.az