AKİ İdarə Heyəti katibliyin fəaliyyətini qənaətbəxş hesab etdi

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirildi.

İclasda AKİ İdarə Heyətinin üzvləri – Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, rejissorlar Oleq Səfərəliyev, Nizami Abbas, Cavid İmamverdiyev, Tahir Tahiroviç, Əli İsa Cabbarov, Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru Lalə Əfəndiyeva və rejissor Adil Qulamov, yazıçı Nəriman Əbdülrəhmanlı iştirak edirdi.

Xalq yazıçısı Anarın təklifilə öncə kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

İclasın gündəliyində AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsilə yanaşı, eyni zamanda katibliyin fəaliyyəti də yer aldı.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iclası giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verdikdən sonra iclasın gündəliyində olan məsələləri diqqətə çatdırdı.

Ə.İ.Cabbarov katibliyin 2022-ci ilin ilk dörd ayında görülən işlərin hesabatı, İttifaqın “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinə start verməsi, “Yeni nəsil Azərbaycan kinosu” layihəsi çərçivəsində filmlərin nümayişinə başlaması, Andrey Tarkovskinin “Zapeçatlennoe vremya”(“Həkk olunmuş zaman”)  kitabının Azərbaycan dilində nəşrinə dəstək olmasını, eləcə də İttifaqın gənc kinematoqrafçılar üçün təşkil etdiyi layihə proqramlarını, önəmli layihələr üçün ayrılan maliyyə dəstəyini diqqətə çəkdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti katibliyin fəaliyyətini qənaətbəxş hesab etdi. Bundan sonra AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş təşəbbüslərin, Kino Muzeyi layihəsinin müzakirəsi və cari məsələlər müzakirə olundu.

aki.az