AKİ-nin dəstək verdiyi festivala 54 layihə təqdim olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyinin təşkilatı dəstəyilə həyata keçiriləcək 2-ci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin iclası keçirilib.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi festivala 54 layihə təqdim olunub və layihələr 5 nominasiya üzrə bölünüb. MOK-dan verilən məlumata görə, iclasda Komitənin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova münsiflər heyətinin qiymətləndirməsi üçün daxil olan layihələrin sayını açıqlayıb.

Onlardan 8-i “Həyat naminə – İdman”, 9-u “Zərif qəhrəman”, 13-ü “Güclü, iradəli”, 12-si “Gələcək qaliblər”, 12-si isə “Reklam və promo çarxlar” nominasiyaları üzrədir.

İclasda münsiflər heyəti səsvermənin keçirilmə qaydasını da müzakirə edərək qərara alıb ki, fevralın 16-da hər nominasiya üzrə 3 namizəd seçiləcək və qaliblər də həmin namizədlər arasından müəyyənləşəcək.

Festivalın münsiflər heyətinin sədri Z. Meftahətdinova onu da qeyd edib ki, “Zərif qəhrəman” nominasiyası yeni olmasına baxmayaraq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın münsiflər heyətinin üzvü Xanlar Məmmədov “Gələcək qaliblər” nominasiyasına uşaq və yeniyetmə idmançılara həsr olunmuş 12 layihənin təqdim olunmasını müsbət hal kimi dəyərləndirib.

Rejissor və prodüser, “Bakılı oğlanlar” komandasının üzvü Ənvər Mansurov isə MOK-un təsis etdiyi festivala yaradıcı kollektivlərin və fərdi müəlliflərin böyük marağı olduğunu mühüm amil kimi qiymətləndirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Oleq Səfərəliyev bildirib ki, festivala təqdim olunan film və proqramların keyfiyyətinə xüsusi diqqət yetirilib və peşəkar yanaşma hiss olunur.

Festivalın mükafatlandırma mərasimi Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyinin təşkilatı dəstəyilə həyata keçiriləcək.

aki.az