AKİ “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına dəstək verməyə davam edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində erməni işğalından azad etdiyi ərazilərimizdəki bərpa işləri davam edir.

Qeyd edək ki, bərpa işlərində Qarabağ torpaqlarında 1990-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Bu baxımdan da Azərbaycan Milli Kitabxanası işğaldan azad olunan bölgələrdəki kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitabtoplama kampaniyasına başlayıb.

Milli kitabxanadan aldığımız məlumata görə, hazırda 60 000-ə yaxın  kitab yığılıb və kampaniyaya dəstək prosesi davam edir.

Qarabağ torpaqları üçün başlanan bu nəcib aksiyaya Azərbaycan Kinematoqrafçılar İttifaqı da biganə qalmadı və kitabtoplama kampaniyasına qoşuldu.

Xəbər verdiyimiz kimi, İttifaq ilkin mərhələdə müxtəlif janrlı əsərlər-Azərbaycan klassik ədəbiyyatından tutmuş, dünya klassik ədəbiyyatına qədər 118 ədəd kitabı Milli Kitabxanaya təqdim edərək işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlamışdı. İkinci mərhələdə İttifaq Kitab fonduna 179 kitab da bağışladı.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan ictimaiyyətini, ziyalılarımızı bu nəcib aksiyaya qoşulmağa çağırır.

Yeri gəlmişkən, AKİ kitabtoplama kampaniyasında ona yaxından dəstək verən Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Bəstəkarlar İttifaqına öz təşəkkürünü bildirir.

SON SÖZ ƏVƏZİ: Qarabağda Şuşa və Xocavəndin mərkəzi kitabxanalarının binaları istisna olmaqla, işğaldan azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan 734 kitabxana və onların fondlarında  olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsulları yandırılıb və talan olunub.

Aki.az