AKİ sədri Rasim Balayevə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısından məktub

Xəbər verdiyimiz kimi, mayın 25-də Biləsuvar rayonunda keçirilən Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev də iştirak edib.

Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzində təşkil olunan, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakilə keçirilən tədbirdə AKİ sədri Rasim Balayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın milli irsinin inkişafı, mədəniyyət və elm sahələrinə olan xüsusi hamiliyi barədə olan təəssüratlarını, eləcə də Ulu Öndərlə keçirdiyi görüşləri, söhbətləri, və dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb.

İcra başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirakına görə dəyərli sənətkarımıza minnətdarlığını bildirən, xoş arzularını çatdıran məktub ünvanlayıb:

Məktubda deyilir:

Hörmətli Rasim müəllim!

Azərbaycanın kino və teatr sahəsinə daim diqqət və dəstək  göstərən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq cari ildə silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Biləsuvar rayonunda da çoxşaxəli tədbirlər kontekstində müxtəlif incəsənət nümayəndələri , kino və teatr xadimləri ilə görüşlər nəzərdə tutulmuşdur.

Biləsuvar və biləsuvarlıların mədəniyyət və incəsənət tarixinin yaddaşında Sizinlə baş tutan əbədi iz buraxan görüş xüsusilə qürurvericidir.
Məlumat üçün qeyd edim ki, Biləsuvar rayonunun kino və teatr zallarında vaxtilə Azərbaycanın Xalq artistləri, karifeylər öz çıxışlarını göstərmişdir. Uzun fasilədən sonra böyük ustad, səhnəmizin Babək cüssəli, Nəsimi iradəli Rasim Balayevin Biləsuvara səfəri inanıram ki, insanların xatirəsində həkk olmaqla yanaşı, həm də rayonun teatr səhnəsinə və teatr sevərlərə yeni nəfəs gətirəcək. Xoş təəssüratlara görə Sizə rayon ictimaiyyəti adından, şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.

aki.az