“Alagöz” kinolayihələr müsabiqəsində birinci yeri tutdu

Xəbər verdiyimiz kimi, Ukraynanın Kino məsələləri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən kinolayihələr müsabiqəsində ölkəmizi “Alagöz” layihəsi təmsil edir. Müsabiqəyə təqdim olunan 16 ssenari arasında altı finalçı seçilib ki, onlar arasında “Alagöz” də var.

Cinex kino şirkətinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın “Alagöz” layihəsi Ukraynanın Kino Məsələləri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə pitçinqdə ən çox bal toplayıb.

Qeyd edək ki, layihə prodüser və rejissor Mariya İbrahimova ilə birlikdə Ukraynadan olan prodüser Olqa Matat tərəfindən təqdim edilib. Finalçı filmlərin təqdimatını qiymətləndirən altı ekspertdən üçü Azərbaycan layihəsinə maksimum bal veriblər.

Ukrayna Dövlət Kinematoqrafiya ekspert komissiyası ssenariyə “metaforikliyi, poetikliyi və tarixin orijinallığını”qeyd edərək səs vermiş və “sevgi və sevimli atına sədaqəti onun həyatına məna verən insanın taleyi tarixinin dramatikliyini” layiqincə qiymətləndirmişlər. Onlar öz rəylərində təqdimatın orijinallığını və emosionallığını, ideyanın özünəməxsusluğunu, rejissorun təcrübəsini, peşəkar yaradıcı heyəti, həmçinin layihənin necə olacağı barədə təsəvvürün dəqiqliyini qeyd ediblər.

Cümə axşamı pitçinqin nəticələri Ukrayna Dövlət Kinematoqrafiya Komitəsinin Radası tərəfindən bəyənilib. Bunun nəticəsi olaraq “Alagöz” layihəsi Olqa Matat (“Evos film”, Ukrayna) Zeynepatakan (“Zeyno-Film”, Türkiyə),  Mariya və Emin İbrahimov (“CinexProduction”, Azərbaycan) tərəfindən həyata keçirilir.

Xatırladaq ki, “Alagöz” layihəsi ilk dəfə deyil ki, beynəlxalq müsabiqə və meydançalarda həyata keçirilir. Belə ki, layihə artıq Portuqaliyanın FEST New Directors/New Films festivalında qalib gəlmiş, Odessa Beynəlxalq Film Festivalında təqdim edilmiş və Berlin Film Festivalının co-Production Market Talents bölməsində iştirak etmək üçün seçilmişdir. Bundan başqa, “Alagöz” layihəsi “Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı iləkeçirilən “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsində də qalib gəlib.

Layihədə ortaq olan şirkətlərə gəlincə, “Evos film” – Kino, Televiziya və reklam bazarında ən yüksək xidmət səviyyəsinə malik 15 ildən artıq təcrübəsi olan Kiyev prodüser şirkətidir. “Zeyno-Film” 2007-ci ildə yaradılıb və hazırda ən yüksək kinematoqrafiya mükafatları ilə qeyd olunan Nuri Bilge Ceylanın filmlərini prodüsserləşdirib. “Cinex” şirkəti isə 2010-cu ildən etibarən filmlərin istehsalı ilə məşğuldur.

aki.az