Aleksandr Kalyagin: Mən çox yaxın dostumu itirdim

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının, Ümumrusiya Teatr Cəmiyyətinin sədri, Rusiyanın Xalq artisti Aleksandr Aleksandroviç Kalyagin yaxın dostu, həmkarı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Xatırladaq ki, A.Kalyagin Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilmiş “İstintaq”, “Park”, “Bağlı qapı arxasında”, “Özgə ömür” filmlərində fərqli xarakterlər canlandırıb.

Rusiyanın Teatr Xadimləri İttifaqının rəsmi saytında dərc edilən başsağlığı mətnində deyilir:
“Mən çox yaxın dostumu, mənə son dərəcə doğma olan insanı, Rüstəm İbrahimbəyovu itirdim. O, mükəmməl dramaturq, ssenarist, yazıçı idi. Tərcümeyi-halımın bir çox mühüm mərhələləri onun adı ilə bağlıdır. Rüstəm İbrahimbəyovun pyesi əsasında qoyulan “Şirə bənzər” tamaşasından sonra mənim Moskva Bədaye Akademik Teatrındakı həyatım başladı. Mən onun ssenarisi üzrə gözəl rejissor Rasim Ocaqovun quruluş verdiyi dörd filmdə çəkildim. SSRİ Dövlət mükafatını “İstintaq” filmindəki roluma görə aldım.
Biz Rüstəmlə neçə illərin dostu idik. Uzun müddət görüşməyə bilərdik. Lakin dost olaraq qalırdıq. Biz bilirdik ki, bir-birimizin həyatında varıq, hətta həmin vaxt Rüstəm Amerikada, mən isə Moskvada olsaydım. Üç il əvvəl o, özünün yeni, “Dumanlı səhər” adlı pyesini gətirdi və dedi ki, yubileyi münasibətilə bizim teatrda qoyulmasını istərdi. Və Allaha şükür ki, tamaşa hazırlandı, bütün bu üç il ərzində də oynanılmaqdadır. Rüstəm yaxşı tanıdığı, yaş etibarilə doğma olduğu, keçmiş haqqında, öz dövrlərinin kumirləri, indi köhnəlmiş kimi görünən dəyərləri haqqında xatirələrlə yaşayan insanların əhvalatını danışıb.
Bu böyük yaradıcı, müdrik insanın müəllif tamaşasıdır və onun tamaşaçıya əsas sözü budur: “Qoca o kəsdir ki, sevmir, ömrü boyu sevməyən heç gənc də olmayıb”. Rüstəm özü bütün ömrü boyu sevib və ömrünün sonuna kimi gənc, açıq, həyatsevər, hər bir yeniliklə maraqlanan insan kimi qalmışdı. İbrahimbəyovun pyesləri bütün ölkənin teatrlarında qoyulub, ssenariləri əsasında çəkilmiş filmlər ümumxalq məhəbbəti qazanıb. Ssenarisini Valentin Yejovla birlikdə yazdığı “Səhranın bəyaz günəşi” filminin adını çəkmək kifayətdir. O, bir neçə dəfə SSRİ və Rusiya Dövlət mükafatlarına layiq görülüb, hətta “Oskar”ı, “Qızıl Şir”i və bir çox başqa nüfuzlu mükafatları var idi. Onun pyesləri dünyanın 100-dən çox ölkəsində tamaşaya qoyulub.
Mənə elə gəlir ki, teatr onun həyatının əsas işi, başlıca fəaliyyəti idi. Bir dəfə mənə belə bir söz dedi: “Ssenarini yazıb təhvil verəndə anlayırsan ki, bundan sonra o, özünün müstəqil həyatını yaşamağa başlayır. Teatrda isə hər şey başqa cürdür”. Yəqin ki, o, haqlı idi. Ancaq mən bir şeyi dəqiq bilirəm: onun əsərləri hələ uzun illər yaşayacaqlar – pyesləri də, filmləri də. Rüstəm İbrahimbəyovu doğma Bakısında da unutmayacaqlar, bizdə, Rusiyada da və dünyanın bir çox başqa şəhərlərində də.
Onun gedişi bütün sənət aləmi üçün böyük itkidir. Bu mənim şəxsi itkimdir. Mən heç vaxt unutmayacağam, sevgi ilə, böyük hörmət hissi ilə daim xatırlayacağam. Mədəniyyətimiz və hər birimiz üçün etdiklərinə görə ruhu qarşısında baş əyirəm. Doğmalarına və yaxınlarına ən səmimi başsağlığı ifadəsi ilə Aleksandr Kalyagin.

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.