Almaz Mustafayeva -70
İnsan ömrünün ən qayğısız illəri elə uşaqlıq dövrünə təsadüf edir. Qayğısız ona görə ki, sadəcə azyaşlı olmanın, ətrafında sevgi ilə əhatələnmənin keyfini yaşayırsan. Ancaq elə uşaqlar da var ki, məhz o qayğısız illərdə artıq özünü gələcək peşəsində tapır. Belə insanlardan biri də, 15 yaşında kino sınaqlarına qatılaraq uğur qazanan, oynadığı pioner obrazı ilə yadda qalan və bu məsuliyyət hissi ilə tez böyüyüb sənətkarlarla çiyin-çiyinə çalışan aktrisa Almaz Mustafayevadır. Yaşıdlarından fərqli olaraq peşə seçiminə tez qərar verməklə, bəlkə də tez böyümək fikrində olan aktrisa uzun illər uşaq rollarını oynayıb və hər zaman yaddaşımızda uşaq rollarının ifaçısı kimi qalb.
Hələ də saf, uşaqlıq duyğularından özündə qoruyub saxlayan, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayevanın bu günlərdə 70 yaşı tamam oldu. Bu münasibətlə aktrisanın uzun illərdir çalışdığı doğma teatrında -Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yubiley tədbiri keçirilib.
Qeyd edək ki, A.Mustafayeva “Azərbaycanfilm” kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. Onun aktrisalıq qabiliyyətini məhz kinorejissor Əlisəttar Atakişiyev kəşf edib. Belə ki, 1964-cü ildə “Azərbaycanfilm” kinostudiyası ilk dəfə olaraq məşhur illüzionist İo Kionun(Anatoli Falkoviç) köməyi ilə bir növ keçmişə və gələcəyə səyahət edilən bir mövzu üzərində qurulan “Sehrli xalat” uşaq filmini istehsalata buraxır.
Bakıda Maştağa qəsəbəsində,İçəri şəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Minsk şəhərinin pavilyonunda lentə alınan filmdə pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərində iştirak edib. Seçilən şanslı uşaqlar arasında Almaz xanım da olub. Aktrisa deyir: “”Elə bil dünən olub. Balaca qız idim. Mənim kino ilə tanışlığım bu film vasitəsilə oldu. İlk filmim “Sehirli xalat” oldu. Sənət karyeram elə bu filmlə başlandı. Bu film həyatımda iz qoydu. Nitqim filmin rejissoru Əlisəttar Atakişiyevin elə xoşuna gəldi ki, o, uşaq rollarını səsləndirmək üçün məni dublyaj şöbəsinə apardı. O vaxtdan dublyajda çalışmağa başladım”.
1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən A.Mustafayeva teatrla yanaşı, eyni zamanda Azərbaycan kino tarixinə də bir sıra obrazlar bəxş etməyə davam edib. Kinorejissorlarının təkliflərini dəyərləndirib və beləiklə də “Şir evdən getdi”(1977), “Yeddi oğul istərəm”(1970), “Aktirsanın təbəssümü”(1974), “Cavanşir”(2002), “Ovsunçu”(2002) və s. filmlərdə maraqlı rollar ifa edib.
Xatırladaq ki, Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub. Aktrisanın teatrdakı, kinodakı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə “Qızıl Dərviş” mükafatına layiq görülən Almaz Mustafayeva 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülüb. 2014-cü ildə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Həmişə gənc ruhu ilə seçilən, sənət eşqi güclü olan sevimli aktrisamızı yubileyi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı