Amaliya Pənahovanın xatirəsinə…

Azərbaycanın görkəmli  teatr və kino aktrisası, Xalq artisti Amaliya Pənahovanın ad günüdür, 77 yaşı tamam olur.

Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Tələbəlik illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın kinoya gəlişi heç də təsadüfi olmayıb.

1963-cü ildə rejissor Adil İsgəndərov quruluş verdiyi “Əhməd haradadır” filmində gənc kadrları bir araya toplayır. Filmdə  Məsmə epizodik rolu Amaliya Pənahovaya tapşırılır. Bu filmdən əvvəl isə aktrisa artıq Əlisəttar Atakişiyevin quruluş verdiyi “Bizim küçə” filmində (1961) kütləvi səhnələrdə çəkilmişdi. Daha sonra aktrisaya “Cazibə qüvvəsi” filmində(rej-Həsən Seyidbəyli) idmançı obrazı tapşırılır. Tələbəlik illərində kinoda çəkilmək böyük uğur sayılsa da, aktrisa daha geniş planlı rollarla özünü sənətdə təsdiqləmək istəyib.

Yeri gəlmişkən, Həsən Seyidbəylinin yaradıcılığına nəzər salanda şahid oluruq ki, o bir rejissor kimi əsasən gənc nəsli, tələbələri, hətta sənətə dəxli olmayanları kinoya gətirib. Rejissor növbəti dəfə aktrisaya  “Sən niyə susursan” (1966-cı il) filmində ana rolunu həvalə edir. Teatrda qaynar iş fəaliyyətinə başlayan Amaliya Pənahova kinodan gələn üçüncü, dördüncü planlı rollardan belə imtina etmir, hər birini böyük maraqla oynayır. Bu baxımdan aktrisanın “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər, “Xatirələr sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə, “Mezozoy əhvalatı”nda Nərminə və başqa lirik-psixoloji ekran personajları diqqəti çəkir, yadda qalır.

1977-ci ildə rjissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” nağıl filminin çəkilişlərinə başlayır. Sınaq çəkilişlərində hər zamankı kimi qrup şəklində obrazlar üçün yoxlanılan aktyorlar çox olsa da Zərri obrazına Amaliya Pənahova təsdiq olunur. Zərri obrazı aktrisanın kinoda ilk böyük rolu idi.Eyni ildə Arif Babayev onu quruluş verdiyi “Arxadan vurulan zərbə” filmindəki Ziba obrazına dəvət edir. Etiraf edək ki, Ziba obrazı maraqlı olduğu qədər də yaddaqalandır. Aktrisa tənha həyat sürməsinə baxmayaraq öz zəhməti ilə yaşayan obrazın daxili dünyasını böyük ustalıqla açıb göstərə bilir.

1979-cu ildə “Azərbaycanfilm” kinostudiyası həmin ilin planına tarixi janrda çəkiləcək “Babək” filmini salır. Bildiyimiz kimi, film Həsən Seyidbəylinin quruluşunda çəkiləcəkdi, hətta aktyorların sınaq çəkilişləri belə öz həllini tapmışdı. Yəni bütün obrazlara uyğun aktyorlar seçilmişdi. Həsən Seyidbəyli Zərnisə obrazı üzərində düşünərkən bu obrazda məhz Amaliya Pənahovanı görür və onu rola təsdiq edir.

Xatırladaq ki, bu filmə qədər rejissor artıq iki filmində Amaliya Pənahovanın aktrisalıq məharətindən istifadə etmişdi. Doğrudur ki, müəyyən səbəblərə görə sonralar ”Babək” filmini Eldar Quliyev çəkməli olur. Hətta Eldar Quliyev xatirələrində onu da qeyd edib ki, Həsən Seyidbəylinin xeyir-duasını aldıqdan sonra çəkilişə başlayıb və rejissorun aktyor seçiminə hörmətlə yanaşaraq onun seçdiyi aktyorlarla çalışıb.

Zərnisə obrazı Amaliya Pənahovanın ifasında öz məğrurluğu, gözəlliyi ilə seçilir. Zərnisə tarixi qəhrəmanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda oğul anası kimi analıq hisslərini bütün açıqlığı ilə göstərən bir obrazdır. Aktira Zərnisənin qadınlığını, analıq duyğularını, məğrur şəkildə camaat qarşısında olan dialoqunu böyük məharətlə, yanğı ilə təqdim edir. Bu, Amaliya Pənahovanın öz işinə olan məsuliyyətini göstərdiyi kimi, eyni zamanda onun bəlkə də illərlə gözlədiyi obraza olan duyğularını ifadə edirdi. Zərnisə,aktrisanın kino yaradıcılığında zirvə hesab olunan rolu idi.

Amaliya Pənahova deyirdi ki, “Babək” çox gözəl filmdir: “Bu film artıq demək olar ki, bir bayrağa çevrilib. Bütün bayramlar, digər tədbirlər zamanı mütəmadi nümayiş etdirilməsi belə deməyə əsas verir. O filmə qədərsə mən artıq xeyli filmə çəkilmişdim. Artıq çoxlu tamaşalarım da vardı. Ona görə bu filmə çəkilmək mənə ciddi problem yaratmadı. Bir çox aktrisalar sınaqdan keçmədilər. Ən sonuncu mən dəvət olunmuşdum. Sınaqda təsdiqləndim. Ümumiyyətlə isə bir sıra tarixi filmlərə çəkilmişəm.  “Mahnı dağlarda qaldı” tamaşasının film variantına, Əjdər İbrahimovun “Qəribə adam” filminə, “Qərib cinlər diyarında” mövzusu nağıldan götürülmüş filmə çəkilmişəm. Mən ümumiyyətlə rəngarəngliyi xoşlayıram. “Babək”dən sonra “Arxadan vurulan zərbə” filmindəki Ziba roluna çəkilmişəm. Bu artıq tamam fərqli bir şey idi. Həm yaradıcılıq baxımından mənim üçün bir yenilik idi, həm də tamaşaçıları bezdirməsin deyə maraqlı idi”.

Qeyd edək ki, A.Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib. Müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürür.

1980-ci ildə İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında “Gözlə məni” filminin çəkilişlərinə start verilir. Rejissor Kamil Rüstəmbəyov maraqlı aktyor qrupu ilə çəkilişlərə başlayır. Yenə də önəmli rollardan biri olan Fəxrəndə obrazı Amaliya Pənahovaya həvalə edilir. Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir.

Aktrisa deyirdi ki, çəkilişlər vaxtı oynadığım Fəxrəndə xanım çayda batmalı idi. Mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik: “O epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım”.

Sonralar Amaliya Pənahova bir çox rollara dəvət alır, həmin rollar sırasında tarixi janrda çəkilən “Cavad xan” filmindəki Knyaginya Darya obrazı da daxili məğrurluğu ilə diqqəti çəkir.

“Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur” deyən görkəmli aktrisa Amaliya Pənahovanı ad günündə böyük hörmət və ehtiramla yad edirik!

aki.az