Anar Kərimov: Azərbaycan mədəniyyətinin və incəsənətinin ən görkəmli şəxsiyyətlərindən, parlaq simalarından biri Rüstəm İbrahimbəyovu itirmişik

Martın 16-da Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı, ssenarist, kinodramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi baş tutub. Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, Azərbaycan mədəniyyət və incəsənət xadimləri, həmçinin, sadə insanlar iştirak edib.

Vida tədbirini Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev aparıb. Mərasimdə çıxış edənlər Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb.

Mədəniyyət naziri Anar Kərimov çıxışında deyib ki,  İbrahimbəyovun vəfatı ölkə mədəniyyəti üçün ağır itkidir: “Bizim mədəniyyətimiz üçün böyük bir itki baş verib. Kədərli günlərimizdən biridir. Azərbaycan mədəniyyətinin və incəsənətinin ən görkəmli şəxsiyyətlərindən, parlaq simalarından biri Rüstəm İbrahimbəyovu itirmişik. Onun yaradıcılığı və fəaliyyəti haqda çox danışmaq olar. Həm Azərbaycan, həm də, mən deyərdim ki, dünya mədəniyyətinin zənginləşməsində onun əsərlərinin böyük rolu olub. O, yazdığı əsərlərlə həm bizim mədəniyyətimizi zənginləşdirib, həm də onu dünyada tanıtmağa nail olub. Təbii ki, Azərbaycan kinosu deyəndə, bizim yadımıza onun şəxsiyyəti gəlir”.

Xalq artisti Fərhad Bədəlbəyli mərhum haqda danışarkən söyləyib ki, Rüstəm İbrahimbəyov onun yaddaşında hər zaman həqiqəti deməkdən çəkinməyən insan kimi qalıb: “Onun həmişə öz mövqeyi vardı və o, bu mövqeyini çox aktiv müdafiə edirdi. Ədalətsizliyi qəbul etmirdi. Yaltaqlığa nifrətlə baxırdı. Onun “muşketor” ürəyi vardı. O, mübariz idi, həqiqəti həmişə deyirdi. Heç kimdən çəkinmirdi. Amma eyni zamanda, sadə adamlarla, məsələn, balıqçılarla, sürücülərlə çox sadə idi. Məhz buna görə, onu hamı sevirdi”.

Yazıçı Çingiz Abdullayev qeyd edib ki, rus-dilindən yazmasına baxmayaraq, R.İbrahimbəyov özünü həmişə Azərbaycan yazıçısı hesab edib: “Bir neçə dəfə ondan “Siz dünyanın bir neçə ölkəsində tanınırsınız. Rus dilində yazırsınız. Özünüzü haralı hiss edirsiniz?” deyə, soruşublar. O, həmişə “Mən Azərbaycan yazıçısıyam” cavabını verib. Mən də bu gün istəyirəm fikrimi belə yekunlaşdırım. Nizami Gəncəvi Azərbaycan şairidir. Fransızca yazan İsmayıl bəy Qurtqaşınlı Azərbaycan yazıçısıdır. Çingiz Aytımatov böyük qırğız yazıçısıdır. Oljas Süleymanov qazax şairidir. Maqsud və Rüstəm İbrahimbəyovlar əsl Azərbaycan yazıçısıdırlar”.

Rüstəm İbrahimbəyovun ssenaristliyini etdiyi bir neçə filmdə rol alan xalq artisti Rasim Balayev yeganə təsəllisinin kinodramaturqun mədəni irsinin qalması olduğunu qeyd edib: “Bu gün mənim üçün çox kədərli gündür. Çünki ömrümün təxminən 40 ilini birlikdə keçirdiyim dostum vəfat edib. Biz onu hər zaman böyük bir səbirsizliklə gözləyirdik. Çünki o, hər zaman Amerikaya, Avropaya müxtəlif festivallara gedirdi. Onun Bakıya gəlməsi bizim üçün bayram olurdu. Çox təəssüf edirəm ki, onun indiki gəlişi bizim ürəyimizi parçaladı”.

Vida mərasimindən sonra Rüstəm İbrahimbəyov Birinci Fəxri Xiyabanda, mərhum qardaşı Maqsud İbrahimbəyovun yanında dəfn olunub.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-ə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra vəfat edib.

Geniş videoreportajla bu linkdən tanış ola bilərsiniz:

 

İzolda Ağayeva