“Animafilm”ə dəstək özünü doğruldur

Xəbər verdiyimiz kimi, 6-10- sentyabr tarixlərində “Nizami” Kino Mərkəzində VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirildi.

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi və Animasiya Assosiasiyasının təşkilatçılığı ilə baş tutan festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş olunub.

Proqram çərçivəsində bu il İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı yaradıcılıq emalatxanası və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın müəllif üçün avropalı mentorlar — isveçrəli rejissor İzabel Favez, fransız prodüser Oliviye Katerin ilə təlimlər və fərdi görüşlər keçirilib.

Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunub və proqramın münsiflər heyəti – Ana Çubinidze, Tehzib Kurana və Nəzrin Ağamalıyeva tərəfindən dəyərləndirilib. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.

Beynəlxalq müsabiqələrin qalibləri:

“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – (mükafat 1000 ABŞ dolları) – “The End of War” (“Müharibənin sonu”), rejissor Lei Chen, Çin.

“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – (mükafat 500 ABŞ dolları) – “Everywhere” (“Hər bir yerdə”), rejissor Step Cheung, Kai Chung Ng, Honq Konq.

Yerli müsabiqənin qalibləri:

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – (mükafat 500 ABŞ dolları) – “Baharın oğurlanması” (“Stolen Spring”), rejissor Aleksandra Şirinova, Azərbaycan.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”  (Annecy festivalına səfər mükafatı) – The Half – “Birdən ölsək” (The Half – “If We Die”), rejissor Rəvan Muradov, Azərbaycan.

“Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” – (mükafat 300 ABŞ dolları) – “Boş yerlər” (“Empty Spaces”), rejissor Ayan Novruzlu, Azərbaycan, Böyük Britaniya.

Tamaşaçı seçimi müsabiqəsinin qalibi:

“Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” – “Boş yerlər” (“Empty Spaces”), rejissor Ayan Novruzlu, Azərbaycan, Böyük Britaniya.

“Animasiya filmləri vasitəsilə qadın haqları” inkişaf vörkşopu və maliyyə proqramının qalibləri:

1-ci yer: “Züleyxa Seyidməmmədova” (“Zuleykha Seyidmammadova”), rejissor Mehriban Əliyeva, Azərbaycan.

2-ci yer: “Üzük” (“Ring”), rejissor Leyla Novruzova, Azərbaycan.

VI “Animafilm” festivalında beynəlxalq münsiflər heyətinin tərkibi İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Oliviye Katerin (Fransa) və Tehzib Kurana (Hindistan) kimi peşəkarlardan ibarət olub.

Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar Məsud Pənahi (Azərbaycan, Almaniya), Kirit Kurana (Hindistan), Metyu Lion (Kanada) və Maykl Dudok de Vit (Niderland krallığı, Birləşmiş krallıq) qatılıb.

Qeyd edək ki, bu il festivalın bütün uşaq tamaşaçıları səsvermədə iştirak edərək “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” qalibini də seçiblər. Bundan başqa, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirib.

Festivalın yerli müsabiqəsinin – “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatının bir qalibini (mükafatı 500 ABŞ dollar olub) mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, digər qalibini isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon açıqlayıb.

Ann Buayon bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq, dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılacaq.

Tədbirdə “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olunub.

Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev festivalı qapalı elan etdiyini bildirib. Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlirin Azərbaycanın gənc qadın rejissorlarına ianə edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il olduğu kimi bu dəfə də “ANİMAFİLM” festivalına tərəfdaşlıq edir. 3-cü ildir ki, “Animafilm” festivalını dəstəkləyən Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, artıq ittifaqın etdiyi dəstəyin bəhrəsi nəzərə çarpır: “Festival ətrafında artıq bir icma və publika yaranıb. Bu toplanmış enerji, animasiyamızın inkişafına dəstək verəcək. Hər il yerli animatorlar festivalda iştirak edir və öz işlərini beynəlxaq səviyyədə təqdim edirlər”.

aki.az