ANIMAFILM II Bakı Animasiya festivalının təşkilatçıları mətbuat konfransı keçirdi

Oktyabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində festivalın mətbuat konfransı keçirildi. Konfransda festivalın rəhbəri Rəşid Ağamalıyev, rəssam-animator Məsud Pənahi, Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundov, rusiyalı rejissor-animator Cahangir Süleymanov,  eləcə də KİV nümayəndələri də iştirak edirdi.

Mətbuat konfransını giriş sözü ilə açan Rəşid Ağamalıyev öncə konfransa toplaşanları salamladı, daha sonra isə iştirakçıları təqdim edib, nəhayət oktyabrın 18-dən 20-nə qədər Bakının müxtəlif yerlərində keçiriləcək festivalın proqramını elan etdi.

Qeyd edək ki, proqrama yerli və xarici istehsal olan animasiya filmlərinin nümayişi , master-klasslar və uşaqlar üçün vorkşop daxildir.

R.Ağamalıyev animasiyanın uşaqların formalaşmasında mühüm rol oynadığını qeyd etdi: “Azərbaycanda bu sahəni inkişaf etdirmək əsas vəzifəmizdir. Belə festivalların keçirilməsi bayram əhval-ruhiyyəsi xarakteri daşıyır. Bu baxımdan da düşünürük ki, bu kimi festivallara geniş dəstək vermək lazımdır”.

Xatırladaq ki, builki festivalda uşaqlardan ibarət münsiflər heyəti də yaradılıb. Uşaqların münsiflər heyətinin üzvlüyünə seçim prosesini animasiya rejissoru Elçin Hami Axundov həyata keçirib. Şərtlərə  görə, “Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini həmin beş uşaqdan ibarət münsiflər heyəti müəyyən edəcək. Bundan basqa, hələ ötən ilki festivalda  R.Ağamalıyev həmkarları ilə bir araya gələrək “Azərbaycan animasiyası” adlı kitab yazıb.

R.Ağamalıyev bu festivalın ötən ilki festivaldan fərqli, eyni zamanda sürpizlərlə dolu olacağını  bldirdi və fürsətdən istifadə edərək festivalın əsas tərəfdaşı və sponsoru Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova təşəkkürünü bildirdi və onu qeyd etdi ki, Azərbaycanda animasiyanın inkişafı üçün dövlətin dəstəyinə hər zaman ehtiyacları var.

Daha sonra söz mətbuat konfransının iştirakçılarına verildi.

Rejissor, kinorəssam Məsud Pənahi qeyd etdi ki, bu dəfəki festivala 52 ölkədən filmlər təklif olunub və ümidvaram ki, gələn il ölkələrin sayı daha da artacaq.

Rusiyalı rejissor-animator Cahangir Süleymanov bu festivalda ikinci dəfədir ki, iştirak etdiyi çün çöx məmnun olduğunu bildirdi və onu da qeyd etdi ki, bu artıq ənənə halını almağa başladı: “İkinci dəfə dəvət olunduğum zaman hüç düşünmədən qərar verdim ki, bütün işlərimi ataraq bu festivalda iştirak etməliyəm. Bu dəfə münsiflər heyətində azyaşlı birini görməyə çox şadam və düşünürəm ki, belə filmləri uşaqlardan yaxşı heç kim daha yaxşı dəyərləndirə bilməz.Hamını festivala dəvət edirəm və onu da ümid edirəm ki, belə festivallar davamlı keçiriləcək”.

Mətbuat konfransının iştirakçıları onu da qeyd etdilər ki, I ANİMAFİLM festivalı kimi, bu dəfəki müsabiqədə də rəqabət yüksək olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqı