Aprel döyüşləri ekrana gəlir

İctimai Televiziya və Radio Yayımları Şirkəti “4 gün” adlı filmin çəkilişlərinə başlayıb.

İTV-nin Azərtac-a verdiyi məlumata görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin mövzusu 2016-cı ilin aprelindəki dörd günlük hərbi münaqişəyə həsr olunub.

Bildiyimiz kimi Aprel döyüşləri Dağlıq Qarabağda atəşkəs haqqında saziş(1994) imzalandıqdan sonra ən şiddətli döyüş kimi tarixə düşüb. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş döyüşdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar  kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub. Belə bir tarixin ekran variantını yaratmaq üçün döyüşlərin reallaşdığı ərazilərdə çəkilişlər aparılır.

Qeyd edək ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir və hazırda bəzi kadrları hazır olan ekran işi haqqında yaxın günlərdə geniş məlumat veriləcək.

Azərbaycan Kinematoqrafaçılar İttifaqı