AR Mədəniyyət Nazirliyi beş aydır “Fokus”la bağlı məktuba cavab vermir

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəklədiyi nəşrlər arasında “Fokus” analitik kinojurnalı da var. Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi jurnal kino mütəxəssislərinin və tələbə kinematoqrafçıların böyük maraqla qarşıladığı dərgidir. Jurnal kinomuzda gedən prosesləri analiz edir, kino nəzəriyyəsi və kino tarixi sahəsində məqalələr yayır. Tanınmış yazarlar Aygün Aslanlı, Sevda Sultanova, Aliyə Dadaşova, Nadir Bədəlov jurnalın daimi müəllifləri arasındadır. Təəssüf ki, sonuncu nömrəsi iyul ayında çıxan jurnalın növbəti nömrəsinin maliyyələşmə məsələsi hələ də həll olunmayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov saytımıza bildirib ki, jurnalın maliyyələşməsi ilə bağlı iyul ayından Mədəniyyət Nazirliyinə müraciət etsə də, hələ də cavab ala bilməyib. Bu günlərdə şəhərimizdə qonaq olan dünya şöhrətli kinorejissor Semih Kaplanoğlu jurnalı yüksək dəyərləndirib. Son nömrədə onun eksklüziv olaraq  “Fokus”a verdiyi müsahibəsi çap olunub. Əli İsa Cabbarovun bildirdiyinə görə, jurnalın son 3 nömrəsi Mədəniyyət Nazirliyi tərəfindən Rüfət Həsənovun Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri olduğu zaman baş verib. Təəsüf ki kadr dəyişikliklərindən sonra məktuba cavab ala bilmir və jurnalın nəşri dayandırılıb.

Əli İsa Cabbarov: Mədəniyyət naziri Adil Kərimlinin islahatlar aparmaq əzminə və kinematoqrafçılara xüsusi diqqətinə şübhəm yoxdur. Buna həm cari ilin aprel ayında keçirilmiş kinoforumda şahid oldum, həm də, hər iki ittifaqın sədri ilə münasibətlərdə görürəm. AR Kino Agentliyinin də yeni heyətinin səmimi olaraq kinomuza dəstək vermək istəyinə şübhə etmirəm. Bu səbədən “Fokus” jurnalına belə münasibət mənə aydın deyil. Ümid edirəm ki aidiyyəti şöbə və agentliyin nümayəndələri tez bir zamanda jurnala maliyyə dəstəyini göstərəcəklər. Analitik, qalın jurnalın nəşri aylarla zaman aparır. Dekabr ayında dəstək verilsə, biz, yaz aylarında jurnalın növbəti nömrəsini kinematoqrafçılarımıza təqdim edərik.

aki.az