Asif Rüstəmovun növbəti filmi hazırdır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və “Arizona Films” (Fransa) şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Rejissor Asif Rüstəmovun quruluş verdiyi film uğursuz rəssamın sevgilisi ilə qarışıq münasibətlərindən bəhs edir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Filmin ssenari müəllifləri – Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, prodüserlər Balakişi Qasımov, Orman Əliyev, Guillaume De Seille, Fariz Əhmədovdur.

Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib.

Yeri gəlmişkən, Asif Rüstəmov 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

2002-2004-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında, 2006-2008-ci illərdə  Dərviş Prodüser Mərkəzində çalışıb. “Ev” (2007), “Arxası qibləyə”(2009), “Axınla aşağı” (2014) filmlərini çəkib. Ssenarisi əsasında isə “Düyün”(2008-rej.Əli İsa Cabbarov) filmi çəkilib.Ssenari müəlliflərindən biri olduğu “Nar bağı” (2017-ssenari və rejissor işi İlqar Nəcəfindir) filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Bundan başqa, Azərbaycandan “Xarici dildə ən yaxşı filmə görə” Oskar mükafatına təqdim olunub.

Rejissorun “Axınla aşağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülmüşdür.

Aki.az

.