Ayşad Məmmədov-65

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar artist Ayşad Məmmədovun 65-ci doğum günüdür.

Ayşad Məmmədov İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində(1978-1982) təhsil alıb.

Aktyor bir çox teatrlarda-Şəki Dövlət Teatrında, Dövlət Gənclər Teatrında, Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında çalışıb, müxtəlif səpgili rollar oynayıb. Maraqlı ifa tərzinə görə, Prezident Mükafatına, Cəfər Cabbarlı mükafatına, Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında “İuda” tamaşasındakı İuda roluna görə mükafata layiq görülüb.

Ayşad Məmmədovun kinoya gəlişi “Bəxt üzüyü” filmi ilə başlayıb. Aktyor bu barədə deyir: “Hər aktyorun həyatında gözəgəlimli bir rol olur. Yəqin ki, Hüseyn də mənim kino həyatımda ən gözəgəlimli rollarımdan biridir. Halbuki mən ona qədər teatrda 200-ə qədər rol oynamışam. Bu rol mənim kinoda ilk işimdir. Özü də Vaqif Səmədoğlu o pyesi birinci dəfə Şəki teatrına gətirib. Mən də orda Rasim rolunda oynayırdım. Ondan sonra Sumqayıt teatrında qoyuldu. 1991-ci ildə isə Ramiz Əzizbəyli o pyes əsasında film çəkdi. Məndən başqa o rolun sınaq çəkilişlərində 3-4 nəfər iştirak etmişdi. Amma rejissor məni seçdi. Pyes mənim üçün ovcumun içi qədər aydın idi. Ordakı rollar da eləcə. Hüseyn rolunu da elə əvvəldən sevirdim. Çəkilişlərə gələndə mən daxilən bu rola hazır idim artıq”.

Hətta Ayşad Məmmədov obrazı o qədər inandırıcı oynayıb ki, tamaşaçı onun həqiqətən də sərxoş olduğunu düşünüb.Əslində isə aktyor ümumiyyətlə səhnədə, çəkilişdə içkili olmağın, teatra sərxoş vəziyyətdə gəlməyin əleyhinədir. Obrazı dolğun yaratmasına gəlincə, aktyor sadəcə olaraq peşəkarlıq nümayiş etdirib.

“Bəxt üzüyü” filmindəki Hüseyn obrazı Ayşad Məmmədova böyük uğur qazandırıb və məhz bu obrazdan sonra o, kino rejissorların diqqətində dayanıb ki, nəticədə də önəmlıi sənət nümunələrində yer alıb: “Ailə” (1998), “Güllələnmə təxirə salınır” (2002), “Moskva – Bakı qatarı” (2005), “Tilsim” (2005), “Yalan” (2006), “Məhkumlar” (2007), “Sirat körpüsü” (2007), “Günaydın, mələyim” (2008), “İstanbul reysi” (2010), “Sübhün səfiri” (2012),  “Əli və Nino” (2016) və b.

Aktyor eyni zamanda İran İslam Respublikasının istehsalı olan, rejissor Həsən Nəcəfinin quruluşunda 2007-ci ildə lentə alınan  “İtirilmiş pay” filmində də çəkilib.

Bu qədər obrazlar silsiləsindən sonra Ayşad Məmmədovun bir aktyor kimi 65-ci doğum günündə özünün-özünə olan hesabatı necə olacaq onu deyə bilməsək də, sadəcə onu bilirirk ki, onu hələ çox rollarda görəcəyik.

Yeri gəlmişkən, incəsənət aləmində olanların bir özünəməxsusluğu var ki, o da yaş üstünə yaş gəldikcə sənətkarlığın müdriklik üzərində bərqərar olmasıdır. Artıq təcrübə öz işini görür və bu aktyorun rol seçimində, ifa tərzində özünü biruzə verir. Ayşad Məmmədov obrazı təbii ifası ilə cilaladığı kimi, obraz seçiminə də həssas yanaşır. Və bu həssaslıq ona obrazın tamaşaçılar tərəfindən sevilməsində imkan yaradır.Bütün uğurlara imza atmış, buna baxmayaraq olduğu yerə hələ tam qane olmayan aktyor Ayşad Məmmədov üçün 65 yaş, yəqin ki, hələ başlanğıcdır. Hələ oynanılacaq rollar irəlidədir…

Yubiley yaşınız mübarək Ayşad müəllim, yaradıcı uğurlarınız bol olsun.  Azərbaycan Kinematoqrafçılar İttifaqı sizin bu günkü sevincli anınıza şərik olur  və ”Hər zaman var olun” deyir…

Azərbaycan Kinematoqrafçılar İttifaqı