AKİ-nin təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az Kann beynəlxalq kinofestivalında akkreditasiyadan keçib.
Sözügedən saytı, onun müəlliflərində biri kinotənqidçi Hacı Səfərov təmsil edəcək və festivalda təqdim olunan filmlər haqqında eksklüziv reportajlar hazırlayacaq. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir.
AKİ katibliyindən verilən məlumata görə, yerli kinotənqidçilərin beynəlxalq festivallarda iştirakına dəstək gələcəkdə də davam edəcək. Bu addım, Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı bizim bədnam qonşularımızın bizə qarşı olan təxribatlarının qarşısının alınmasında da yardımçı olacaq.
Dünya kinosunun tərkib hissəsi olmaq, Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas məqsədlərindən biridir.
Qeyd edək ki, 13-24 may 2025-ci il tarixlərində keçiriləcək 78-ci Kann festivalının builki münsiflər heyətinin sədri, aktrisa Jülyet Binoşdur.
Əsas müsabiqədə Ves Andersonun “Finikiya sxemi”, Riçard Linkleyterin “Yeni dalğa”, Yoahim Trierin “Sentimental dəyər” və Sergey Loznitsanın “İki prokuror” filmləri daxil olmaqla 19 film iştirak edəcək. Bunda əlavə, əfsanəvi aktyor Robert De Niroya fəxri “Palma budağı” mükafatı təqdim olunacaq.