Məsuliyyəti şərəfini doğruldan bir təqdimatı qazanmaq əlbəttə ki böyük xoşbəxtlikdur. Milli kinomuzun yaxın tarixinə nəzər saldıqda ömrünün doqquzuncu onilliyinə qədəm qoyan Asim Cəlilov isminin özünəməxsus yer tutduğu aydın görünür.
O, kinoya 1970-ci illərin sonunda gəldi. Başqa sözlə, kino tariximizin çox məsuliyyətli bir mərhələsində: 1960-1970-ci illəri əhatə edən “qızıl” dövr başa çatmaqda, yeni prizmaların, yeni rakursların, fərqli yanaşmaların, başqa ifadə vasitələrinin tapılmalı olduğu məqamda. Yaradıcılıqda əsas odur ki, öz dəst-xətini, öz yolunu, öz dilini tapasan. Asim Cəlilovun ssenari müəllifi olduğu filmlərdə bu cəhətlər dərhal nəzərə çarpır: “Diplom işi” (1979) qısametrajlı bədii filmi, “Yol əhvalatı” (1980), “Avqust gələndə” (1984), “Arayış” (1986), “Yay gününün xəzan yarpaqları” (1986), “Şeytan göz qabağında” (1987) tammetrajlı bədii filmlərində, eləcə də “Koqalımdan xəbərlər” (1987), “Yubiley (1990) qısametrajlı sənədli filmlərində həm janr müxtəlifliyi, ovqat rəngarəngliyi, tamaşaçı ilə kinokörpü qurmaq “dayaqları” var, həm də ssenaristin mövzulara orijinal kino fabulası vermək bacarığı.
Şeytana uymayan jurnalist
Azərbaycan kinosunda kütləvi-informasiya vasitələri, yaxud media təmsilçisini süjetin mərkəzinə çıxaran cəmi iki film var: Eldar Quliyevin 1971-ci ildə çəkdiyi “Ən vacib müsahibə” və Oktay Mir-Qasımın 1987-ci ildə filmoqrafiyasını zəngiləşdirdiyi “Şeytan göz qabağında” ekran əsərləri. Asim Cəlilovun “Şeytan göz qabağında” filminin ssenari müəllifi olması qanunauyğun idi – o, əmək fəaliyyətinin böyük və əhəmiyyətli bir hissəsini “Молодёжь Азербайджана» və «Бакинский рабочий» qəzetlərinin baş redaktoru vəzifələrinə həsr edib, “Əməkdar jurnalist” fəxri adına kimi püxtələşib. Başqa sözlə, jurnalistikanın nə demək olduğunun və jurnalistlərin kim olduqlarının dərk etmək imkanı belə bir ssenarini doğurmaya bilməzdi. Bu cür süjet xətlərini pafosdan, şüarçılıqdan, gurultusundan başqa bir məziyyəti olmayan qəhrəman fiqurundan sığortalamaq çox çətindir. Üstəgəl “Şeytan göz qabağında” filminin yaranma tarixi geniş miqyaslı son dərəcə kəskin ictimai-siyasi çevrilişlərin, milli-mənəvi dönüşlərin ərəfəsinə təsadüf etmişdi. Belə mövzuların ekran həlli ssenari müəllifindən, quruluşçu rejissordan və baş rolun ifaçısından (Fəxrəddin ManafovTeymur rolunda) mütləq birmənalı şəkildə eyni rakursdan baxmağı tələb edir. Əslində bu tələb bütün mövzulara aiddir. Amma mümkündür ki, başqa mövzuların ekrana gətirilməsində ssenari müəllifi, quruluşçu rejissor və baş rolun ifaçısı mətləbə fərqli nöqteyi-nəzərlərdən baxsınlar və bu baxışların hər biri özlüyündə maraq doğursun. Bəhs etdiyimiz mövzuda belə plüralizm yolverilməzdir , nəticəsi abrakadabradan başqa bir şey ola bilməz. Və “Şeytan göz qabağında” ekran əsəri qeyd edilən tələbə tam cavab verən bir filmdir. Şeytana uymayaraq ölkənin və dövlətin təəssübünü çəkmək yolunda qorxu və usanmaq nə olduğunu bilməyən jurnalist obrazı real, inandırıcı cizgilərlə təqdim edilir. O qədər real və inandırıcı ki, məhz Teymur obrazı Fəxrəddin Manafovun kinoda ən uğurlu işi hesab oluna bilər.
Əhvalatı bitməyəcək “Yol əhvalatı”
Sağlam, islahedici, sərrast gülüş son illər kinomuzun ən çox ehtiyac duyduğu keyfiyyətdir. Belə bir keyfiyyət ibrətamiz lirik-romantik hadisələr zənciri ilə çulğaşanda emosional təsir gücünün dairəsi daha böyük olur. Biz “Yol əhvalatı” tammetrajlı bədii filminə artıq 46 ildir ki, maraqla baxırıq. Hər şey çox sadədir: ssenari müəllifi insanların öz şəxsi həyatlarını birmənalı olaraq şəxsi istək və arzularına müvafiq qurnaq haqqına malik olmalarından bəhs edən əhvalatın fonunda cəmiyyətdəki sosial əyintiləri elə göstərir ki, həm süjetin birinci xətti təbiiliyində, anlaşıqlığında alır, həm də ikinci xətt birinciyə mane olmur, onlar kəsişmirlər, bir-birindən ayrı mövcudluq iddiasında deyillər, paralel inkişaf edirlər. Bütün bunların məntiqi axarı kimi quruluşçu rejissor Teymur Bəkirzadə dəqiq qavrayışa və bu qavrayışın səhih bədii həllinə, ardınca isə dəqiq aktyor seçiminə nail olub. Və nəticədə 46 ildən bəri müxtəlif yaşa mənsub insanların maraqla baxmaqda olduğu bir film ərsəyə gəlib. Gəlin, razılaşaq ki, biz bu filmə yalnız sevimli aktyorlarımızın peşəkar oyununa görə baxmırıq. “Yol əhvalatı” filmi bir kino varolması kimi bütün komponentləri özündə birləşdirdiyinə görə bir neçə nəsil kinomanın diqqətini özündə saxlaya bilir.
Peşəkar ssenarist olmaya-olmaya milli kinomuza dəyərli ssenariləri ilə gəlib sadəcə eşidilməyə, nəzərdən keçirilməyə deyil, dinlənilməyə, qulaq kəsilməyə, fərqinə varmağa layiq sözünə, özünü kinoda sevmək yox, kinonu özündə sevmək amalına, kinonun nə demək olduğunu fəhmlə bilən, duyan Asim Cəlilova cansağlığı arzu edib fəaliyyətinə görə minnətdarlığımızı bildiririk.
Samirə Behbudqızı

