19 avqust tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqında Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, Mədəniyyət attaşesi Aristeo González Guerrero, səfirliyin əməkdaşı Günel Hacıyeva və DokuBaku Beynəlxalq Sənədli Film Festivalının (DokuBaku BSFF) komandası arasında görüş keçirilib.
Görüşdə DokuBaku BSFF-in direktoru İmam Həsənov, kino tənqidçisi Aygün Aslanlı, həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının layihələr üzrə meneceri və prodüser Ülviyyə Əhmədova iştirak ediblər.



Görüş zamanı Azərbaycan və Meksika arasında kino, xüsusilə də sənədli film sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında mədəni mübadilənin gücləndirilməsi, yaradıcı və peşəkar əlaqələrin inkişaf etdirilməsi, eləcə də gələcəkdə birgə kino layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
Söhbət zamanı meksikalı rejissor Roberto Ortizin “Mələklər” futbol komandası” (“Ángeles FC”) sənədli filmi də xüsusi diqqət mərkəzində olub. Film bu il “Ulduz Sivilizasiyası” (“Stellar Civilization”) mövzusuna həsr olunmuş və 5–11 oktyabr tarixlərində Bakıda keçiriləcək X DokuBaku BSFF-in DokuKids bölməsinin proqramına seçilib.
Uşaqlar üçün nəzərdə tutulan DokuKids bölməsi sənədli kino vasitəsilə gənc tamaşaçıların dünyagörüşünün genişləndirilməsini, onların müxtəlif mədəniyyətlər, cəmiyyətlər və həyat hekayələri ilə tanışlığını təşviq etməyi, eyni zamanda fərqli dünyagörüşlərinə açıq və düşünən gənc nəsil yetişməsinə töhfə verməyi qarşısına məqsəd qoyur.
Görüşdə, həmçinin, rejissor Roberto Ortizin DokuBaku BSFF-də iştirakı və festival çərçivəsində Bakıya səfərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib. Bununla yanaşı, rejissorun iştirakı ilə DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Meksikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə kino seminarı (vorkşop) və ustad dərsinin (masterclass) keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüş Azərbaycan və Meksika arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və peşəkar əlaqələrin genişləndirilməsi, eləcə də iki ölkənin kino mədəniyyətləri arasında yeni əlaqələrin və əməkdaşlıq platformalarının yaradılması baxımından mühüm addım kimi qiymətləndirilib.
Görüşdən sonra qonaqlar AKİ-nin kinozalı ilə tanış olublar və ittifaqın fəaliyyəti barədə məlumat alıblar.
DokuBaku BSFF olaraq Meksikanın Azərbaycandakı səfirliyinə göstərdiyi maraq və əməkdaşlığa verdiyi dəstəyə görə təşəkkürümüzü bildirir, qarşıdakı əməkdaşlığın yeni yaradıcı təşəbbüslərə, mədəni mübadilə imkanlarına və birgə layihələrə yol açacağına inanırıq.
Eyni zamanda, görüşün keçirilməsinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə Azərbaycan Kinematoqrafçılar İttifaqına DokuBaku BSFF adından təşəkkürümüzü bildiririk.
aki.az

