“Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi yaradılır

Aprelin 8-də “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin yaradılması ilə bağlı görüş keçirilib.

“ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı”nın yaradıcısı Rəşid Ağamalıyev bu barədə Aki.az-a məlumat verərək bildirib ki, onlayn formatda keçirilən görüşdə animasiya studiyalarının təmsilçiləri, animasiya peşəkarları, animasiya həvəskarları “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin qurulmasında iştirak etməyə maraq göstəriblər.

Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin Beynəlxalq Layihələr və İnnovasiyalar sektorunun müdiri Ramil Abbakirov görüşdə iştirak edib. O, Qeyri-hökumət təşkilatlarının əhəmiyyəti və onların cəmiyyətə və mədəniyyətə fayda verə biləcəyi haqqında söhbət açıb, eyni zamanda animasiya sənayəsinin perspektivliyi haqqında da geniş məlumat verib.

“Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin həmtəsisçisi Kamilə Məmmədova iştirakçılara tezliklə yaradılacaq birliyin dəyərləri, məqsədləri və qurluşu haqqında məlumat verib və əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi olacaqdır:

  • Milli animasiya kinosunun incəsənətini və sənayəsini inkişaf etdirmək
  • Vahid onlayn animasiya platformasını yaratmaq
  • Animasiya vasitəsi ilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliyi təşviq etmək
  • Animasiya studiyalarına, animasiya pəşəkarlarına və həvəskarlara dəstək vermək
  • Milli animasiya maraqlarını müdafiə etmək
  • Milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etmək

Onlayn görüşdə yazıçı Rehan Yüsifqızı, animasiya rejissoru Firəngiz Qurbanova, animator Elşən Abdullayev və prodüser Rəşid Ağamalıyev da çıxış ediblər.

Və sonda ictimai birliyin təsisçiləri bütün iştirakçıları “Azərbaycan Animasiya Assosiasiyası”-nın qurulmasında iştirak etməyə səsləyiblər.

Onlayn görüşün tam versiyasını buradan izləyə bilərsiniz: https://youtu.be/rRXluSQbjsA

 aki.az