Azərbaycan Annecy Festivalında təmsil olunur

Xəbər verdiyimiz kimi, bir neçə ay öncə Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilmişdir. “Hədis” qısametrajlı animasiya filmi 112 ölkə üzrə 3250 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb.

Festivalda “Hədis” qısametrajlı animasiya filminin dünya premyerası keçiriləcək.

İyunun 17-dək davam edəcək festivalda bu il 103 ölkədən 15 mindən çox tamaşaçı iştirak edir.

Qeyd edək ki, “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. 2022-ci ilin sentyabrın 21-də Cənubi Azərbaycanda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə, ümumiyyətlə isə Cənubi Azərbaycanda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Qısametrajlı animasiya filminin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyevdir.

ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.

Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak edir. Ü.Məmmədova 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Ağ qorxu” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanmışdır.

Yeri gəlmişkən, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy festival olub.

Növbəti – VI ANİMAFİLM festivalı sentyabrın 6-dan 10-dək Bakıda keçiriləcək. Festivalın mövzusu “Qadın haqları” olacaq. Festivalın təşkilat komitəsi animasiya peşəkarlarını və studiyaları müsabiqə proqramında iştirak etməyə dəvət edir. Müraciətlər üçün ən son tarix 2023-cü ilin iyulun 1-dir. Əsərlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur. Qaliblər üçün mükafatlar nəzərdə tutulub.

aki.az