Azərbaycan Dövlət Pedaqoji Universitetində ``Sarı gəlin``in sorağında filmi təqdim olunub

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsinə daxil olan western-azerbaijan.az saytının və “Sarı gəlin”in sorağında” adlı tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilmişdir.

Universitetin müəllim və tələbələrinin iştirak etdiyi tədbiri mərkəzin əməkdaşı Tərlan Ağayev  açdı  və layihə haqqında qısa məlumat verdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və bərpası uğrunda I və II Qarabağ müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz mərkəzin müdiri Tahir Süleymanova verildi. Tahir Süleymanov öz çıxışında belə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.

Saytın yaradıcısı və filmin ssenari müəllifi Füzuli Sabiroğlu və filmin rejissoru Mübariz Nağıyev layihə haqqında iştirakçılara məlumat verdilər və Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və üç dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində  daha da inkişaf etdiriləcəyini söylədilər.

Xatırladaq ki, süjet xətti “Sarı gəlin” xalq mahnısının və Hikmət Babaoğlunun “Akdamardan Sarı Gəlinədək erməni yalanı” əsərinin motivləri üzərində qurulan “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin əsas məqsədi Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliği, 200 ilə yaxındır ki, ermənilərin bu irsin məhv edilməsi yönündə fəaliyyətlərinin ifşasıdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevin rəhbərliyi altında hazırlanmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, elmi məsləhətçiləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, f.f.d Əziz Ələkbərli və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.f.d Cəbi Bəhramovdur.

aki.az