Azərbaycan filmi Venesiya Film Festivalının əsas proqramında

Bu il keçirilən Venesiya film festivalının əsas müsabiqəsində Qızıl Şir mükafatı uğrunda yarışacaq filmlər sırasında Azərbaycanla Amerikanın birgə istehsalı olan, rejissor Hilal Baydarovun quruluş verdiyi “Səpələnmiş ölümlər arasında” filmi də var.

Azərbaycan kino tarixində ilk dəfədir ki, filmimiz  A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallara qatılıb. “Adsız yüksəkliklər” bədii filmi Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında, “Xurmalar yetişən vaxt” 25-ci Sarayevo Kino Festivalında, “Ad günü” filmləri Belçikanın “Bridges” film festivalında nümayiş olunmuşdu.

Rejissorun “Səpələnmiş ölümlər arasında” filmində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur.

Filmin yaradıcı heyəti: Ssenari: Rəşad Səfər, Hilal Baydarov, rejissor Hilal Baydarov, təqdim edənlər Elşən Abbasov, Hilal Baydarov, birgə istehsalçılar Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserlər Danny Glover, Susan Rockefeller, əlaqələndirici prodüser Sarah D’Hanens, görüntü rejissoru Elşən Abbasov, bəstəkar Kənan Rüstəmli, operator Orxan Həsənov.

Rollarda iştirak edirlər: Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova

Yeri gəlmişkən, bu il keçiriləcək 77-ci Venesiya kinofestivalı, koronavirus böhranından sonra ilk böyük beynəlxalq kino hadisəsi olacaqdır. Dünyanın ən qədim film festivalı olan Venesiya hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Əsas mükafatları: Qızıl Şir (ən yaxşı filmlərə verilən mükafat), Volpi kuboku ( ən yaxşı aktyor və aktrisalara verilən mükafat).

Festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. Qızıl Şir mükafatı isə sentyabr ayının 12 –də öz sahibinə təqdim olunacaq.

aki.az