Azərbaycan filmləri beynəlxalq müsabiqədə

Rüfət Həsənovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Daxili ada”, Hilal Baydarovun quruluş verdiyi “Səpələnmiş ölümlər arasında” filmləri Kinematoqrafçılar İttifaqları Konfederasiyası (sədr Rüstəm İbrahimbəyov) tərəfindən təsis edilmiş, Avrasiyanın nüfuzlu kino tənqidçiləri tərəfindən təqdim edilən “East-West.Golden arch” (“Şərq-Qərb. Qızıl tağ”) kino mükafatının uzun siyahısına daxil edilib.

H.Baydarov”Beynimdəki mismarlar” filmi ilə mükafatın sənədli kino nominasiyasında da uzun siyahıda yer alıb. Mükafat uğrunda 39 ölkədən 65 film mübarizə aparacaq.

Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi 2020-ci ildə 77-ci venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olub.

Rüfət Həsənovun “Daxildəki ada” filmi  “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına müstəqil Azərbaycanın ilk tammetrajlı bədii filmi olaraq seçilmişdi. Filmin rejissoru “Әn yaxşı rejissor” nominasiyasında qalib olmuşdu.

Yeri gəlmişkən,  müsabiqəyə 39 oyun filmi, 19 sənədli film və 7 rejissor debütü 39 ölkədən daxil edilib.

Kinematoqrafçılar İttifaqları Konfederasiyası sədri Rüstəm İbrahimbəyov bildirib ki, beynəlxalq mükafat Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkələrdə yaradılmış filmlər üçün bizim tərəfimizdən hazırlanıb: “Bu ərazidə uzun illər güclü ingilisdilli kinematoqrafın kölgəsində qalan özünəməxsus milli kinematoqrafiyalar mövcuddur. Mükafatın vəzifəsi tənqidçilərin və tamaşaçıların diqqətini bu filmlərə yönəltməkdir”.

Xatırladaq ki, tədbir 2021-ci ildə Prezident qrantları Fondunun dəstəyi ilə keçiriləcək.

aki.az