Azərbaycan Kinematoqrafçılar İttifaqı - 2022

Bildiyiniz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı(AKİ) ictimai təşkilat olaraq görülən işlərin hesabatını il ərzində Aki.az saytı vasitəsilə geniş oxucu auditoriyasının diqqətinə çatdırır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı son illər ərzində kino nəşrlərini dəstəkləmiş, kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında əsas rol oynamış, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməmiş, kino tənqidinin inkişafı üçün əməli addımlar atmışdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti  bu il görülmüş işlərin hesabatını təqdim edərək bildirir ki, 2023-cü il fəaliyyət planında, milli kinonun təbliği, kino təhsili, kino nəşrlərinə dəstək, festival hərəkatında iştirak, kino tənqidinin inkişafı fəaliyyətinin əsas prioritetlərindən olacaq.

2022-ci ildə görülən işlərin hesabat xarakterli siyahısını sizlərə təqdim edirik:

YANVAR

15 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Əli İsa Cabbarov, ssenaristlər Cəlil Cavanşir, Pərviz Məmmədov, Pərviz Seyidli, Şahbazə Hüseynova, Elvin Paşa, Hacı Səfərov, kinotənqidçi Sevda Sultanovanın iştirakı ilə kinodramaturgiyada problemlər, inkişaf meylləri, sifarişçi ilə ssenarist arasında olan münasibətlər müzakirə olunub.

19 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağa kitabla gedək” kampaniyasının növbəti mərhələsini həyata keçirdi. .

AKİ ilkin mərhələdə müxtəlif janrlı əsərlər-Azərbaycan klassik ədəbiyyatından tutmuş, dünya klassik ədəbiyyatına qədər 118 ədəd kitabı Milli Kitabxanaya təqdim edərək işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlamışdı. İkinci mərhələdə İttifaq Kitab fonduna 179 kitab daha bağışladı.

24 yanvar “Azərbaycan kinosunda prodüserə, prodüser missiyasına münasibət” mövzusu üzərində danışıqlar aparılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçən müzakirədə kinoprodüserlər İradə Bağırzadə, Oksana Rəsulova, Sevinc Əliyeva, Rəhimə Hacıyeva, Afaq Yusifli iştirak ediblər. Xanım prodüserlər yekdilliklə bir tezisi bəyan edirlər: Azərbaycan kinosunda prodüserə, prodüser missiyasına münasibət dəyişməlidi!

29 yanvar AKİ bu dəfə mövzunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində tədrisin keyfiyyəti, bu ixtisas üzrə məzunların hazırda qarşılaşdıqları problemlər, yaradıcılıqla məşğul olmaları üçün hansı şərtlərin vacibliyi üzərində qurdu. Kinoşünas Sevda Sultanovanın moderatorluğu ilə keçən müzakirədə gənc kinorejissorlar – İlahə Nurullayeva, Kürçaylı Məmmədov, Ruslan Kərimov, Rusif Hüseynov, İlqar Quliyev, Ülviyyə Əhmədova, Leyla Şah iştirak ediblər.

FEVRAL

11 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ İdarə Heyətinin üzvləri, rejissorlar -Nizami Abbas və Tahir Tahiroviçin, eyni zamanda İlkin Yusif, Oqtay Namazov, Amil Amalın iştirakı ilə sənədli kino  haqqında müzakirə keçirilib.

15 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqında Rusiya Mədəniyyət Mərkəzinin (Rossotrudnicestvo) dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyevin quruluş verdiyi “Savva Morozov” filmi nümayiş olunub. Rusiya Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbir məşhur mesenat S. Morozovun 160 illik yubileyinə həsr olunmuşdu. Eyni gündə “ASAN Könüllülər”i ictimai təşkilatı ilə bir yerdə keçirdiyi “Gənc kinematoqrafçı”lar layihəsinin növbəti dərsi İttifaqın Kino Məktəbinin yenilənmiş məkanında baş tutub. Kinorejissor Məzahir Haşımov “ssenari işi, rejissor və ssenaristin birgə işi”mövzusunda mühazirə söyləyib və tələbələrin suallarını cavablandırıb.

18 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə dərc edilən “Fokus” jurnalının 9 illik fasilədən sonra buraxılan yeni, 10-cu nəşri münasibətilə “Azərbaycan kinosu hara gedir?” mövzusunda müzakirə keçirilib.

Müzakirənin moderatorluğunu edən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, “Fokus”un təsisçilərindən biri və redaktoru Əli İsa Cabbarov bildirib ki, jurnalın hazırda çapdan çıxan nömrəsinin və bundan sonrakı 3 buraxılışının əsas dəstəkçisi AKİ ilə yanaşı, həm də  Mədəniyyət Nazirliyidir.

Müzakirədə Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev, kinoşünaslar Aygün Aslanlı və Sevda Sultanova, kino tənqidçisi Hacı Səfərov iştirak ediblər.

24 fevral Rəssamların operatorlarla əməkdaşlığı, dövlət istehsalı ilə özəl studiyalarda  kino rəssamına münasibət, yeni kadrların hazırlanması mövzusunda müzakirə keçirilib.

28 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinə start verdi. Müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin ilk növbədə qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.

“Mən qadınam” ssenari müsabiqəsinin qalibləri:

1-ci yer – “Dilbər”, ssenari müəllifi  Orxan Məmmədli;

2-ci yer “Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov;

3-cü yer  “Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı;

Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb.

“Çiyələyin dadı” (ssenari müəllifi  Arzuman Mirzəsoy) – “Parlaq vizual obrazlar və atmosfer həllinə görə”;

“Qar əriyəndə” (ssenari müəllifi Lalə Əliyeva Klıçkova) -“Humanist və bəşəri ideyaların ifadəsinə görə”;

“Qonşular nə deyər” (ssenari müəllifi Leyla Nəsibli) – “Qəhrəmanın psixoloji portretini dəqiq çızdığına görə”;

MART

2 mart Azərbaycan Kinematoqrafçılar İttifaqında “Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq və nəşriyyatın redaktoru Toğrul Musayevlə görüş olub. Nəşriyyatla İttifaqın bir yerdə nəşr etdiyi Andrey Tarkovskinin “Həkk edilmiş zaman” kitabı ilə bağlı olan görüşdə bundan sonra da kino nəşrlərinin artması istiqamətində birgə fəaliyyət müzakirə olunub.

5 mart AKİ-nin Kino Məktəbində təsvir rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Quliyevin ustad dərsi keçirilib.

15 mart AKİ “Yeni nəsil Azərbaycan kinosu” layihəsi çərçivəsində filmlərin nümayişinə başlayıb. Eyni gündə Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Cinema Plus”un  birgə əməkdaşlığı ilə “Azərbaycan” kinoteatrında İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filminin premyerası keçirildi.

APREL

5 aprel “Yeni Azərbaycan kinosu” layihəsi çərçivəsində “Azərbaycan” kinoteatrında yeni nəsil rejissorların filmləri nümayiş olunub.

Türkan Hüseynovanın “Sonuncu foto”,  Bakı Beynəlxalq Qısa Filmlər Festivalının mükafatçısı Şirin Əhmədovun “Günel” və  Pərviz Gülməmmədovun eyni  festivalın mükafatçısı olan “Oğul” filmləri nümayiş olunub.

9 aprel Azərbaycan Kinematoqrafçılar İttifaqında kinooperator sənətinin mövcud durumu, inkişafı mövzusunda müzakirə keçirildi. Müzakirədə Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator Rafiq Quliyev, kinooperatorlar Rəşad Nuriyev, Elman Əliyev, Soltan Abdullayev, Rauf Qurbanəliyev, Daniel Quliyev, Vüqar Şıxəliyev iştirak ediblər.

13 aprel Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. Rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ilin yanvar, fevral, mart aylarında gördüyü işlərin hesabatı, eyni zamanda ölkədə kinoyla bağlı görülən işlər yer alıb.

14 aprel “Yeni Azərbaycan kinosu” layihəsi çərçivəsində növbəti film gecəsi keçirilib.

“Azərbaycan” kinoteatrında AKİ-nin ev sahibliyi ilə baş tutan nümayişdə rejissor Fariz Əhmədovun “Sonuncu” və Nurlan Həsənli ilə Toğrul Musanın debütü olan “Bir Ata haqqında”  sənədli filmləri  göstərilib.

16 aprel AKİ-nin dəstəyi və “ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə gənclərin, Xalq artisti, kinorejissor Ramiz Həsənoğlu ilə görüşü baş tutub. AKİ Kino Məktəbində baş tutan görüşdə R.Həsənoğlu yaradıcılıq metodunun sirlərini və peşə təcrübəsini gənclərlə bölüşüb.

18 aprel YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı və  “ASAN Könüllüləri” təşkilatının birgə fəaliyyəti çərçivəsində baş tutan “Gənc kinematoqrafçılar” layihəsinin qapanış mərasimi keçirilib. Mərasimdə həmçinin, gənc rejissor və ssenaristlərin sertifikatları təqdim olunub.

21 aprel Azərbaycan Kinematoqrafçılar İttifaqının “Dünya kinosu şedevrləri Azərbaycan dilində” layihəsi çərçivəsində qeyri-ənənəvi üslubu ilə seçilən ukraynalı rejissor Kira Muratovanın “Baş tutmayan ayrılıq” filmi nümayiş olunub.

26 aprel Azərbaycan Kinematoqrafçılar İttifaqının “Dünya kinosu şedevrləri Azərbaycan
dilində” layihəsi çərçivəsində Elem Klımovun “Get,öz gözünlə gör” filmi “Azərbaycan”
kinoteatrında nümayiş olunub.

MAY

4 may Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətində İttifaqın üzvlüyünə ərizə verən kinematoqrafçıların namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Əməkdar artist Rasim Cəfər, ssenarist Reyhan Cəfərova, təsvir rejissoru Soltan Abdullayev, kinorejissor Amil Amal (Məmiyev), rejissor və prodüser Reza Siaminin üzvlüyü İdarə Heyəti tərəfindən təsdiq olunub.

4 may AKİ Kino Məktəbinin yetirməsi, gənc rejissor Azər Allahverdiyevin layihəsinə maliyyə yardımı ayırıb.

Qeyd edək ki, rejissor növbəti “Şübhə” adlı qısametrajlı filminin çəkilişlərini yekunlaşdırıb. Filmin süjet xətti münasibətlərində boşluqlar və şübhələr yaranmış, artıq ruhən bir-birindən uzaqlaşmış cütlüyün bu gərginliyə qarşı olan sonuncu cəhdləri üzərində qurulub.

10 may Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kadrarxasında qalan Azərbaycan” adlı, yerli sənədli filmlərə həsr olunmuş tədbiri baş tutub.

Kinorejissorlardan Rövşən Nicat, Nurlan Həsənli, Lətif Lətifsoy və Əfsanə Yusifin filmlərinin yer aldığı tədbirə çox sayda tamaşaçı qatılıb.
Autizm sindromlu uşaqlar, xadimə işləyən rus dili müəlliməsi, Kəlbəcərin artıq qaçqın olmayan sakinlərinin həyat yolu sənədli filmlərin əsas mövzusu olub. Filmlər kadrarxasında qalan Azərbaycanı sənədli ekrana gətirib.

11 may Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilmiş, AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsi, Xalq yazıçısı, ssenarist, prodüser, kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş təşəbbüslərin, Kino Muzeyi layihəsinin müzakirəsi və cari məsələlər müzakirə olunmuşdu.

İclasda Xalq yazıçısı Anarın təklifilə Xalq artisti Rasim Balayevin namizədliyi yekdilliklə təsdiq olundu.

17 may “Azərbaycan” kinoteatrında, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Unudulmuş dünya kinosu şedevrləri” silsilə nümayişləri çərçivəsində, italyan rejissoru Ettore Skolanın “Bal”(1983) filminin nümayişi keçirilib.

26 may AKİ yeni nəsil rejissorların filmlərinin nümayişini davam etdirib.

“Azərbaycan” kinoteatrında baş tutan növbəti nümayişdə 4 qısametraflı bədii film – Masər Həsənovun “Yada sal məni”, Nurlan Həsənlinin “Pişiyi xilas et”, “Limit sonsuzluğa yaxınlaşanda” və Orxan Ağazadənin “Oturacaqlar” filmi tamaşaçılara təqdim olunub.

31 may Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin konfransı keçirildi. Açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçildi, eyni zamanda AKİ İdarə Heyətinin əvvəlki tərkibi saxlanılmaqla, yeni tərkibi təsdiq olundu.

İYUN

2 iyun “100% klassiklər: Fransız kino həzzi” adlı film nümayişlərinə start verildi. Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən nümayişdə filmlər fransız dilində, azərbaycan və ingilis altyazıları ilə təqdim olunub:

7 iyun – “Atalanta” (Jan Viqo)

14 iyun – “Baltazar” ( Rober Bresso)

21 iyun – “Uçuş zolağı” və “Sibirdən məktublar (Kris Marker) filmlərin nümayişi zamanı müzakirələr də keçirilib.

13 iyun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

14 iyun Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti kinoyazar.az adlı yeni saytı fəaliyyətə başladı. Məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanan saytda Azərbaycanda, eləcədə dünya kinosundakı yeniliklərdən bəhs edilir. Bundan başqa, müasir kinonun problemləri ilə yanaşı, eyni zamanda dünya kinosu haqqında müzakirə və tənqidlər də yer almaqdadır.

18 iyun Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cənubda kino günləri” layihəsinə start verib. Layihə çərçivəsində son illərdə dövlət sifarişi əsasında və müstəqil şəkildə istehsal olunan bəzi filmlər yerli tamaşaçılara çatdırılıb.

Qeyd edək ki, 2022-ci ilin iyun-iyul aylarında nəzərdə tutulan baxışlar ilk olaraq 25-26 iyun Biləsuvar rayonun Mərkəzi Parkında və Nərimankənd kənd Folklor Evində keçirilib.

İki gün ərzində tamaşaçılara “Qırmızı bağ” (rejissor Mirbala Səlimli), “Biləsuvar” (rejissor Elvin Adıgözəl), “Nar bağı” (rejissor İlqar Nəcəf), “Sizə məktub var” (rejissor Məzahir Haşımov), “Titrəmə” (rejissor Amil Amal), “Dan yeli” (rejissor Kamal Yaşar) və “Dəhlizdə” (rejissor Amil Amal) qısametrajlı və tammetrajlı filmlər göstərilib. Ardınca baxışlar iyul ayında Lənkəran, Lerik, Masallı rayonlarında davam edib.

Xatırladaq ki, “Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam  Hacılıdır.

28 iyun AKİ-nin təşkilatçılığı ilə Kənan Musayevin “Zaman adlı qatar” filminin nümayişi keçirilib. “Azərbaycan” kinoteatrında göstərilən film 2016-cı ildə çəkilib.

İYUL

20 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqının “A-dan Z-yə kino istehsalı” layihəsi yekunlaşdı. Aprel, may və iyun aylarını əhatə edən layihə Bakı və Şəki şəhərlərində təşkil olunmuşdu. Layihə müddətində ideyanın filmin rejissor şərhi, təsvir həlli, film istehsalının əsasları, montaj və s. mövzular tədris olundu.

Xatırladaq ki, dərslər AKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli tərəfindən keçirildi.

22 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. Rüblük informasiya bülletenin bu nömrəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ilin aprel, may, iyun aylarında gördüyü işlərin hesabatı, eyni zamanda ölkəmizdə kinoyla bağlı görülən işlər yer alıb.

28 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların bu ilki siyahısını açıqlayıb.

AVQUST

2 avqust Azərbaycan Kinematoqrafçılar İttifaqı  2 avqust – Milli Kino Gününü qeyd edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, kino günündə 2022-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:

İlkin Yusif (rejissor) – “Mən qəhrəman axtarıram” sənədli  filminin uğurlu rejissor həllinə görə;

Rəşid Ağamalıyev (animator) – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə;

İntiqam Hacılı (prodüser) – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə.

16 avqust Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstək verdiyi “Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı”nın “Festivallardan seçmələr” bölməsində yer alan “Bal ölkəsi” sənədli filminin nümayişi keçirilib.

17 avqust AKİ Kino məktəbi “Rejissorluğun dramaturgiyasi” kursuna dinləyici qəbulu elan edib.

26 avqust AKİ “Polşa kino günləri”nə start verib. Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polyak Film Festivalıyla əməkdaşlığı nəticəsində baş tutub.

Sentyabr ayının 6, 13, 20, 27-də “Azərbaycan CinemaPlus”-da nümayiş olunan filmlər aşağıdakılardan ibarət idi:

6 sentyabr – “Balkondan” tammetrajlı sənədli filmi (2021-ci il, rejissor Pavel Lozinski)

13 sentyabr – “Məsihin bədəni” tammetrajlı bədii filmi (2019-cu il, rejissor Yan Komasa)

20 sentyabr – “Antiqəhrəman” tammetrajlı sənədli filmi (2021-ci il, rejissor Mixal Kavetski)

27 sentyabr – “İzlər qalmasın deyə” tammetrajlı bədii filmi (2021-ci il, rejissor Yan P. Matuşınski).

Nümayişlərdən sonra fillmlərin müzakirəsi keçirilib.

SENTYABR

8 sentyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu V Animafilm Beynəlxalq Animasiya Festivalının açılışı oldu.

21 sentyabr Azərbaycan Kinematoqrafçılar İttifaqı VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalına maliyyə dəstəyi verdi.

22 sentyabr Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinə qəbul elan edildi. Ssenari emalatxanası layihəsinin müsahibə mərhələsi də baş tutub.

Layihə 2022-ci ilin sentyabr, oktyabr aylarını əhatə etdi. Layihənin Şəki mərhələsi 26 sentyabr – 4 oktyabr tarixində oldu. Bakı mərhələsinin dərs saatları və günləri iştirakçılar və təlimçinin ortaq qərarı ilə müəyyənləşdirildi.

Xatırladaq ki, layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən qadın müəlliflər üçün nəzərdə tutulub. Bundan başqa, bu layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının sayca 4-cü layihəsidir. Bundan öncə AKİ-nin şəxsi təşəbbüsü ilə “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “A-dan Z-yə” kino istehsalı intensiv kinorejissorluq kursları və “Asan Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihələri həyata keçirilib.

OKTYABR

6 oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilatı dəstəyilə nəşr olunan “Fokus” analitik kino jurnalının 11-ci nömrəsi çapdan çıxdı.

7 oktyabr AKİ “Humay” mükafatına İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmini təqdim edib. Film “Humay” milli mükafatına layiq görülüb.

25 oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. Rüblük informasiya bülletenin bu nömrəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ilin iyul, avqust, sentyabr aylarında gördüyü işlərin hesabatı, eyni zamanda ölkəmizdə kinoyla bağlı görülən işlər yer alıb.

NOYABR

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Berqmanla üzbəüz” adlı kino layihəsinə start verib.

İsveç  kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərini əhatə edən kino günlərində rejissorun 4 filminin nümayişi nəzərdə tutulub ki, bu da İttifaq ilə İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

1 noyabr “Azərbaycan CinemaPlus”da nümayiş olunan “Pıçıltılar və qışqırıqlar” filmi geniş tamaşaçı auditoriyası tərəfindən izlənilib.

6 noyabr Azərbaycan Respublikasının İkinci Qarabağ müharibəsində qazandığı Zəfər günü münasibətilə “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminin nümayişi olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinskinin çəkdiyi sənədli filmin nümayişi Qazax rayonunun Ədəbiyyat Muzeyində təşkil olunub.

Böyük maraqla qarşılanan “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə baş tutub.

8 noyabr “Azərbaycan CinemaPlus”da  “Berqmanla üzbəüz” kino layihəsi çərçivəsində, dahi İsveç rejissoru İnqmar Berqmanın növbəti, “Yeddinci möhür” bədii filmi nümayiş olunub.

15 noyabr “Azərbaycan” CinemaPlus-da “İnqmar Berqmanla üzbəüz” kino layihəsi çərçivəsində, dahi İsveç rejissorunun növbəti, “Persona” bədii filmi nümayiş olundu.

22 noyabr “Azərbaycan” CinemaPlus-da “İnqmar Berqmanla üzbəüz” kino layihəsi
çərçivəsində, “Fanni və Aleksandr” filmi nümayiş olundu.

DEKABR

16 dekabr YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Kinematoqrafçılar İttifaqının(AKİ) təşkilatçılığı ilə “Kino və biznes: körpülər” mövsuzunda müzakirə təşkil olunub.

20 dekabr Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə rejissor Əli-Səttar Quliyevin “Olimpia” bədii filmi nümayiş olundu.

Qeyd edək ki, il ərzində Azərbaycan Kinematoqrafçılar İttifaqı NETPAC (Network for the Promotion of Asian Cinema) təşkilatına üzv olub.

Əsasən Asiya ölkələri kinematoqrafçılarını birləşdirən NETPAC təşkilatı 1990-cı ildə yaranıb. Hazırda NETPAC kinofestivallar, kino təşkilatları, hökumət və qeyri-hökumət agentlikləri, kinoşünaslar, tənqidçilər, proqramçılar və festival direktorları arasında geniş əlaqələr şəbəkəsinə malikdir və onlarla Asiya kinosunu inkişaf etdirmək üçün əməkdaşlıq edir.

Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filminin çəkilişlərinə başlayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati  dəstəyilə çəkilən “Bella çao” sənədli qısametrajlı filmində İkinci dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya qəhrəmanı Tahir İsayevin keçdiyi həyat yolundan bəhs olunur.

Bu il AKİ Andrey Tarkovskinin kitabının azərbaycan dilinə tərcüməsinə də dəstək olub. Bundan başqa, AKİ İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviçin çəkdiyi  “Üç hekayət” sənədli filminə maliyyə dəstəyi verib. Film yazıçı, tənqidçi, Əməkdar incəsənət xadimi Çingiz Hüseynovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda AKİ il ərzində Kino
Məktəbinin tələbəsi Ruslan Mollayevin “Sınaq” qısametrajlı bədii filminə, Amil Amalın
“Vulkan üzərində ev” qısametrajlı sənədli filminə, Ərturan Nəcəfi Gölün “Düyün” qısametrajlı bədii filminə, Kino Məktəbinin tələbəsi Türkan Hüseynin “Mən hələ də səninlə danışıram” qısametrajlı sənədli filminə maliyyə dəstəyi də ayırıb.

2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbu orqanı olan Aki.az saytının yaranmasının üç ili tamam oldu. .

Aki.az Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə 2 avqust 2019-cu ildə fəaliyyətə başlamış və yarandığı gündən kinoya həsr edilən onlarla xəbəri, məqaləni yayınlamaqla özünə geniş oxucu auditoriyası toplaya bilib.

Bu il saytımızın rubrikaları arasında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun adına hazırlanan rubrika da yer aldı. Onun Azərbaycanda çəkilən filmlərinin əsas hissəsi haqqında geniş araşdırma yazıları rubrikada dərc olundu.

Bildiyiniz kimi, bu illər ərzində AKİ-nin yaradıcısı, rejissor Lətif Səfərovun, daha sonra 17 il sədr olmuş, yazıçı, rejissor Həsən Seyidbəylinin adına da rubrikalar yaradaraq onların çəkdikləri filmlər haqqında geniş araşdırma yazıları dərc etmişdik.

Ən önəmlisi isə saytın “Milli Kino Tariximizdən” rubrikasında “Azərbaycanfilm”də istehsal olunan, artıq yubiley yaşını tamamlayan filmlər haqqında geniş araşdıma məqalələri mütəmadi olaraq oxuculara təqdim edirik. .

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ildə gördüyü işlər, həyata keçirdiyi layihələrin sadəcə ən önəmlilərini Aki.az oxucularının diqqətinə çatdırdıq.

Qeyd edək ki, uzun bir tarixi əhatə edən Azərbaycan Kinematoqrafçılar İttifaqı il ərzində 40000 manat civarında yaşlı və gənc kinematoqrafçılara yardım edib.

Artıq AKİ-nin üzvlərinin sayı getdikcə artır, üzv olmaq istəyənlər getdikcə çoxluq təşkil etməyə başlayır.

Gələcək planlar çoxdur, hələ ki, 2023-cü ilə köklənirik və qarşıdakı ildə Azərbaycan kinosu üçün ən önəmli layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.

aki.az