Azərbaycan Kinematoqrafçılar İttifaqı Cavid Təvəkkülün layihəsinə qrant ayırıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı rejissor, ssenarist Cavid Təvəkkülün kino və teatr elementlərini birləşdirən layihəsinə qrant ayırıb.

Qeyd edək ki, Sovetlər dövründə populyarlıq qazanmış, Qırğızıstanın xalq şairi, akademik Mar Bayciyevin psixoloji melodram janrında yazdığı “Bəy və gəlin” pyesi Mİngəçevir Dövlət Dram Teatrında səhnələşdiriləcək. Pyesin tərcüməsi və quruluşu Cavid Təvəkkülə aiddir.

Teatrın səhnəsində quracağı tamaşada kinonun bütün imkanlarından istifadə etməyi düşünən rejissor deyir ki, bu pyesə müraciət edib və həllini “teatr üstəgəl kino” formatında düşünür: “Yenilik etmirəm, amma qoyulacaq bu tamaşada bizim də öz kəşflərimiz, yeniliklərimiz olacaq. Səsdən sonra söz, sözdən sonra cümlə, cümlədən sonra fikirlər, fikirlərdən ədəbiyyat, ədəbiyyatdan teatr yarandı, teartsa kinonu doğdu. Əminəm ki, kino özünün imkanlarıyla tamaşanı baxımlı edəcək, əsərin fabulasını tam mahiyyətiylə ortaya qoyacaq, emosional hissləri tamaşaçıya məharətlə çatdıracaq. Hesab edirəm ki, qurduğum bu tamaşa mənim Mingəçevir Dövlət Dram Teatrıyla növbəti uğurum olacaq”.

Artıq bir neçə ildir ki,  Mingəçevir Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərən C.Təvəkkül 1992-1997-ci illərdə Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsində, daha sonra Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. “Cavad Xan”(sənədli film), “Azarkeş”, “Əzizim Fellini”, “Səhərə inan”, “Dərs”, “Hoqqa” filmlərinin rejissorudur.

aki.az