Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin növbəti iclası keçirildi

Noyabrın 6-da Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. İclasın gündəliyində katibliyin fəaliyyəti, yeni layihələrin təsdiqi, üzvlərin qəbulu məsələləri var idi.

İclasda Xalq yazıçısı Anar, əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, əməkdar mədəniyyət işçisi Əsəd Əsədov, rejissorlar Oleq Səfərəliyev, Cavid İmamverdiyev, Tahir Əliyev , Əli İsa Cabbarov  və İttifaqın sədri Rüstəm İbrahimbəyov  iştirak edirdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iclası giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verdi.

Kino Məktəbinin direktoru Oleq Səfərəliyev yenicə fəaliyyətə başlayan məktəb haqqında qısa məlumat verərək bildirdi ki, tələbələr üç bölmədə- “Kinorejissorluq”, “Kino dramaturgiya”, “Animasiya” üzrə təhsil almağa başlayıblar: “Onu da qeyd edim ki, hələ ərizə qəbulu zamanı 25 nəfər seçildi ki, onlardan 11 tələbə dramaturgiya, 4 nəfər animasiya, digərləri isə rejissorluqda sənətin sirlərini öyrənəcəklər. Dərslər sentyabr ayındn başlayıb. Məktəbdə klassik filmlərin baxışı keçirilir. Görkəmli kinodramaturq  Pavel Finn Moskvadan dəvət olunub, artıq onun ustad dərsləri başlayıb. İstedadlı gənclər yetişir, inanırıq ki, Kino Məktəbi olaraq talantlı gənclərin ortaya çıxmasında rol oynayacağıq”.

Sonra Əli İsa Cabbarov diqqəti Kino Evinin fəaliyyətinə çəkdi: “Artıq bir neçə aydır ki, Kino evi öz qapılarını tamaşaçlarına açıb. Çalışırıq ki, yaşlı nəsillə gənc nəsil arasında əməkdaşlıq səviyyəsini artıraq. Təqdimatlarda filmlərin qaldırdığı mövzular ətrafında diskusiyalar təşkil edirik. Qeyd edim ki, oktyabr ayı ümumiyyətlə yadda qalan oldu. Belə ki, Kino Evi iki beynəlxalq festivala ev sahibliy etdi. DOKUBAKU BSFF-na təşkilat sponsoru, ANİMAFİLM Animasiya Filmləri Festivalının isə baş sponsoru idik. Bu iki festivalla əməkdaşlığımızı davam etmək niyyətindəyik. Çalışırıq ki, sadəcə kino nümayişi ilə kifayətlənməyək, Kino Evi fikir və ideyalar mübadiləsi məkanı olsun. Yazıçılar İttifaqı tərəfindən çap olunan, gənc yazar Sevda Sultanovanın qələmə aldığı “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının təqdimatı mövzu baxımından maraqlı diskusiyaya səbəb oldu”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov yeni bir ideya əsasında ərsəyə gələcək” Bakı XX əsr” Kino Muzeyi haqqında məlumat verərək bildirdi ki, tezliklə həmin muzeydə Bakı haqqında olan filmlərin daimi nümayişi keçiriləcək, tamaşaçılar bu filmlərə yenidən və davamlı baxmaq imkanı qazanacaqlar. Bundan başqa, İttifaqın sədri “Novruz Mili Fİlmlər Festivalı” layihəsi haqqında da məlumat verərək bildirib ki, milli filmlərimizin bölgələrdə nümayişi, tamaşaçı kütlələrinin sərhədlərinin genişlənməsi layihənin əsas məqsədlərindəndir. Tədbirin Bakıda, eyni zamanda Gəncə, Şəki, Lənkəran, Naxçıvan şəhərlərində də keçirilməsi nəzərdə tutulub.

İttifaqın katibi Anar Yazıçılar Birliyinin də bu layıhədə iştirakını təklif etdi.

Əli İsa Cabbarov isə festivalın coğrafiyasını bir qədər də genişləndirərək cəbhə bölgələrində də keçirilməsinin vacibliyini vurğuladı.

İslasın gedişatında Əsəd Əsədov kino tənqidinin müasir durumu məsələsini qaldıraraq bu sahədə əməli tədbirlərə ehtiyac olduğunu bildirdi. Xalq yazıçısı Anar da vaxtilə fəaliyyət göstərmiş İttifaqın kino tənqidi seksiyasının işinin yenidən bərpasının vacibliyini qeyd etdi.

Onu da qeyd edək ki, İdarə Heyətinin iclasında cari məsələlər sırasında  yeni üzvlərin qəbulu məsələsinə baxılıb, ssenarist, yazar Nəriman Əbdülrəhmanlı, tarixçi alim, sənədli film sahəsində çalışan Aydın Hacıyev, kinorejissor Kəmalə Musazadə, aktrisalar Zülfiyyə İsmaylova, Kəmalə Mehdiyeva, aktyorlar Elxan Abbasov və Rəşad Kəsəmənli, veteran animator Solmaz Hüseynova, kino təşkilatçısı İlham Babayev İttifaqa yeni üzv olaraq qəbul edildilər.

Sonda Kinematoqrafçılar İttifaqının İdarə Heyəti katibliyin işini qənaətbəxş sayıb, təklif edilən layihələri təsdiqlədi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı