Azərbaycan Kinematoqrafçılar İttifaqı II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının baş sponsoru və əsas tərəfdaşıdır

18-20 oktyabr 2019-cu il tarixində II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı festivalın baş sponsoru və əsas tərəfdaşıdır. İttifaqın sədri Rüstəm İbrahimbəyov festival işçilərinə göndərdiyi müraciətdə deyir: “İkinci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalına dünya ölkələrinin çoxundan işlər təqdim olunması məni sevindirir. Əminəm ki, “ANİMAFİLM”in uğuru uzaq keçmişi olan Azərbaycan animasiyasına marağı artıracaq”.

İkinci dəfə 2018-ci ildə Bakı şəhərində keçirilən “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalına dünyanın 63 ölkəsindən 480 film, ssenari müsabiqəsinə isə 15 ssenari təqdim edilmişdi. Festivalın proqramı çərçivəsində animasiya ustalarının “ustad dərsləri” və “ReAnimasiya” sərgisi keçirilmiş və müxtəlif ölkələrin cizgi filmləri, retrospektiv filmlər nümayiş etdirilmiş, uşaqlar üçün animasiya vorkşopları və kukla tamaşası təşkil edilmişdi. Demək olar ki, bu festival Azərbaycanın mədəniyyət tarixində bir iz buraxdı.

Kino Evində keçiriləcək II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq.

Ümumiyyətlə bu festival Azərbaycanda animasiya sənətini inkişaf etdirmək üçün nəzərdə tutulub və illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamı hesab olunur. Hətta builki festivalda uşaqlardan ibarət münsiflər heyəti də yaradılacaq.

Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb.

Festivalın direktoru Rəşid Ağamalıyev bu barədə deyib: “ İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik. Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib”.

Filip Poşivaç isə bildirib ki, ANİMAFİLM festivalı vizual həllini tapanda böyük sevinc hissi keçirib: “İkinci festivalın mövzusu çex animasiyasına həsr olunub. Azərbaycana hansı motivi göndərəcəyimi götür-qoy edərkən, mənim Kolin şəhərindən olan keçmiş ayı-favoritlərim qalib gəldilər”.

Qeyd edək ki, animasiya qəribə olduğu qədər də, sirli bir incəsənət sahəsidir. Bəlkə də bu baxımdan sadəcə uşaqlar üçün deyil, eyni zamanda böyüklər üçün də maraqlıdır.

Yeri gəlmişkən bu il həmçinin Azərbaycan animasiyasının 50 illiyidir. Və festival çərçivəsində “Azərbaycan animasiyasının 50 illiyi” adlı konfrans da keçiriləcək. Konfransda milli animasiyanın keçmişi, indiki vəziyyəti və gələcəyi barədə müzakirələr aparılacaq. Seçim komissiyasının qərarına əsasən, Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Müsabiqədə sadəcə “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” yarışacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Animafilm festivalını dəstəkləməklə bu janrın həm kinomuz, eyni zamanda uşaqların sənət haqqında zövqlərinin formalaşması üçün vacib olduğunu bildirir.

İttifaqın katibi Ə.İ.Cabbarov qeyd edir ki, festival hərəkatı formalaşmamış kinomuzun unkişafı mümkün deyil. Bu baxımdan da Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı əsas tərəfdaş kimi belə festivalların keçirilməsini dəstəkləyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı