Azərbaycan Kinematoqrafçılar İttifaqı ``Kino və biznes`` forumu keçirəcək

Kinematoqrafiya kifayət qədər bahalı bir sahədir. Hər il dünyanın bir çox yerlərində keyfiyyətli və əlbəttə ki, gəlir gətirən bu sahəyə milyonlar, bəzən isə milyardlar xərclənir.

Dünyada kino sahəsinə böyük vəsaitlərin sərf olunduğu bir dövrdə Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Kino çəkmək istəyən, əlində hazır ssenarisi olan rejissorlar maliyyə tapmaqda ciddi problemlərlə üzləşirlər. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün iş adamlarını kinematoqrafiyaya cəlb etmək mütləqdir. Onun fikrincə, iş adamları kinoya kifayət qədər yatırım etsələr, rejissorların maliyyə tapmaq problemi həll olunacaq və nəticədə müstəqil filmlərin sayı da artacaq.

Katib deyir ki, AKİ bu məqsədlə gələn aylarda “Azərbaycan kinosu və biznes” adlı forum keçirəcək. Forumun keçirilməsində də məqsəd məhz iş adamlarının kinoya yatırım qoymağa cəlb edilməsi məsələsidir.

Əli İsa Cabbarov: “Kino və biznes arasında körpü yaratmaq üçün bu iki cəbhəni bir-birilə tanış etməliyik. Kinomuzla biznesin əlaqəsi gündəlik iş rejimində olmalıdır. Kinematoqrafçılarla iş adamlarını tanış etmək lazımdır. Onların bir-biri ilə əlaqəsini qurmağa yardımçı olmaq gərəkdir. İş adamları məlumatlanmalıdır ki, Azərbaycan kinosu və peşəkar kadrlar var. Müəyyən səviyyədə Azərbaycan filmləri çəkilə bilər”. Onun sözlərinə görə, bu işdə ictimai təşkilatlarla yanaşı, rəsmi dövlət qurumları da iştirak etməlidir: “Bu körpü üçün vasitəçiliyi, ictimai təşkilatlarla yanaşı, rəsmi strukturların etməsi daha effektli olar. İş adamlarını birləşdirən ictimai təşkilatlar da bu işin önündə olmalıdır. Mədəniyyət Nazirliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi də dəstək ola bilər. Bu işlər İqtisadiyyat Nazirliyi ilə birgə keçirilsə, daha yaxşı nəticə verər. Stimullaşdırmaq lazımdır ki, iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırım etdikləri kimi bunu kinoya da tətbiq etsinlər. İş adamlarının, kinematoqrafiyaya pul yatıran insanların vergidən azad olunması da zamanla gündəmə gələ bilər”, – deyə o qeyd edib.

Əli İsa Cabbarov bildirib ki, forumun keçirilməsi ilə əlaqədar hər iki nazirliyə müraciət olunacaq. Onun sözlərinə görə, kinematoqrafçılarla iş adamları arasında işbirliyini qurmaq üçün AKİ təkcə forum yox, kiçik platformalar da istifadə edəcək. Bu məqsədlə mütəmadi “biznes lanç” və “business-to-business” formatlı görüşlərin keçirilməsi planlaşdırılır.

Meydan.tv