Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü də “Böyük qayıdış”ın qalibləri sırasında

II Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə Cümhuriyyəti başlıca rol oynadı. Savaşın qızğın çağında dəqiq informasiyalar hazırlayaraq dünyaya yaymaq elə döyüşçü ruhu göstərmək deməkdir. Bu baxımdan Türkiyə mətbuatının, xüsusilə “CNN-Türk” TV-nin, televiziyanın xəbərlər üzrə müxbiri Fulya Öztürkün Qarabağ həqiqətlərini dəqiq və qərəzsiz şəkildə dünyaya yayması sonda onunla nəticələndi ki, onun həyatının sənədli film olmasına qərar verildi.

“Fulya” adlı sənədli filmin ekran əsərinin ssenari müəllifi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviçdir.

T.Tahiroviçin “Fulya” layihəsi də “Böyük qayıdış”ın qalibləri sırasında yer tutub.

Onu da qeyd edək ki, filmdə Fulya Öztürkün və onunla birlikdə cəbhə bölgəsində çəkilişlər aparan operator Halil Kahramanın lentə aldığı və hələ ki, yayınlanmayan bir neçə saatlıq video materiallardan istifadə ediləcək.

Filmin rejissoru deyir ki, Fulya Öztürkə həsr edəcəyimiz filmi bədii film kimi düşünmüşdük: “Yəni, bir jurnalistin həyatını bədii şəkildə ekrandan izləyəcəkdik. Qarabağ müharibəsində Azərbaycanın informasiya blokadasını yaran və dünyaya çatdırmaqda ən böyük işi, əlbəttə ki, Türkiyə mətbuatı gördü. Bu fikrimlə heç də Azərbaycan mətbuatının gördüyü işlərə kölgə salmaq istəməzdim. Türkiyə qardaşımız olsa da, bir millət, iki dövlət olsaq da, müharibənin öz qanunları var. Fulya xanımın da bir qadın olması, qadın jurnalist kimi savaş meydanından çəkilişlər edərək cəsarət nümayiş etdirməsi, məsələni bir qədər lirikləşdirir, dramatikləşdirir”.

T.Tahiroviç söhbət əsnasında Fulya Öztürkün indiyə kimi çəkdiyi lentin bir çoxunun efirə getməməsinə də toxundu: “Lentə alınan hər kadrda insan taleyi durur və kadarxası maraqlı məqamlar var ki, çoxu heç efirə də getməyib. Bu baxımdan Fulya xanımla bağlantı qurduq. Düşünürəm ki, bu bir yol hekayəti olacaq. Onun Şuşa arzusu var idi, təəssüf ki, ora çata bilmədi, yəni, sona kimi gedə bilmədi. Filmdə Fulya Öztürkü bu arzusuna çatdıracağıq, filmin finalı Şuşada olacaq və Türkiyəli müxbir Şuşadan canlı yayım hazırlayacaq. İnanıram ki, film maraqlı alınacaq”. “Azərbaycanfilm” və Türkiyənin “DADA Film Prodakşn”ın birgə istehsalı olacaq sənədli filmin çəkilişlərinə bu ilin iyun ayında start veriləcək. İlk çəkilişlər “CNN Türk”ün İstanbul şəhərində yerləşən baş ofisində başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam etdiriləcək və final, rejissorun dediyi kimi, Şuşada lentə alınacaq.

aki.az