Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Murad İbrahimbəyovun sənədli filmlərinə baxış oldu

Avqustun 9-da Kino Evində Murad İbrahimbəyovun sənədli filmlərinin təqdimatı oldu.

Qeyd edək ki, “İnsan” sənədli trilogiyasına daxil olan “Neft” filmi Venesiya Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində “Gümüş şir” mükafatının qalibi olub.

Xronikal kadrlardan ibarət olan “İnsan” sənədli trilogiyasını fəlsəfi esse də adlandırmaq olar. Rejissor sonralar mövzunu davam etdirərək “İnsan və sivilizasiya” mövsuzunda xronikal kadrlardan ibarət, özünəməxsus montaj təfəkkürü ilə seçilən  sənədli filmlər yaradıb.

“Mənim Dağıstanım. Etiraf” filmində rejissor tanınmış avar şairi, publisist, siyasi xadim Rəsul Həmzətovun(1923-2003) yaradıcı portretini təqdim edir. Rejissor bütün filmlərində olduğu kimi burda da daha çox təsvir dili ilə fikirlərini çatdırır.

Xatırladaq ki, “Mənim Dağıstanım. Etiraf” filmində kinodramaturq Rüstəm İbrahimbəyov,  şair dramaturq Yevgeniy Yevtuşenko, gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze, teatr və kino aktyoru, pedaqoq Vasiliy Lanovoy iştirak edib və Rəsul Həmzətov haqqında öz xatirələrini bölüşüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Uğurlu bədii həllinə görə” illik mükafatının qalibi olan “İnsan” sənədli trilogiyasının adı əslində təsadüfi olaraq seçilməyib. Çünki filmlərdən göründüyü kimi insanoğlunun yaranışı, sərf etdiyi əmək, insan əli ilə yerin altından çıxarılan qara qızılın-neftin dünya üzərində hökmranlığı, əksər müharibələrin yaranışına səbəb verməsi, həyatdakı mübarizələr, bütün dünyada baş verən müharibələr, ölümlər… bir sözlə, hər biri həyatın qanunlarına çevrilib.

Sənədli filmlərin təqdimatından öncə rejissor araya-ərsəyə gətirdiyi filmlər haqqında qısa fikir bildirdi.

Rejissorun dediyi kimi zamanın kəsişməsi, tarixin təkrar olunması, bir parça çörək uğrunda mübarizə aparan əməksevər insanın çətinliyi və bu əməyin sayəsində rahatlığa qovuşanların laqeydliyi…Ağla-qaranın, xeyirlə-şərin mübarizəsi kimi…Ancaq nə olur olsun, həyat davam edir və insanlıq hər zaman dünyaya gəlməkdə israr nümayiş etdirir.

“Mənim Dağıstanım. Etiraf” filminin yaranması haqda rejissor maraqlı bir məqamı da diqqətə çatdırdı: “Həyatımda mürəkkəb bir durum yaranmışdı və mən anladım ki, dağa qalxmalıyam. Və filmin çəkilişində dağlarda olduq , ordakı pak insanlarla ünsiyyətdə olduq.  Bir sözlə, bu film məni böhrandan xilas etdi”.

…AKİ Kino Evinin zalında əyləşərək nümayiş olunan filmləri həyəcanla izləyən tamaşaçı, sözün həqiqi mənasında düşüncələrə dalırdı. Tamaşaçı sualları tükənməz olsa da sənədli filmlər bütün suallara cavab verirdi, çünki söhbətin mövzusu İNSAN  amilidir.

Yeri gəlmişkən, sənədli filmlərin təqdimatında Rusiya səfirliyinin nümayəndələri, dünya şöhrətli alimlər Rafiq Əliyev, Cəmil Həsənli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, eyni zamanda bir qrup incəsənət adamları-əməkdar artistlər -Sənubər İsgəndərli,  Gülzar Qurbanova və b. iştirak edirdilər.

Təqdimatdan sonra film haqqında müzakirələr aparıldı. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabarov bidirdi ki, bundan sonra da Kino Evində maraqlı, yaradıcı həlli ilə seçilən filmlərin nümayişi olacaq. Və gənc kinematoqrafçılar özünü təsdiq etmək üçün Kino Evinin imkanlarından geniş istifadə edə bilərlər.