Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun ad günüdür

5 fevral Azərbaycanda, keçmiş postsovet məkanında, eyni zamanda  bütün dünyada tanınan, görkəmli kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun ad günüdür.

Rüstəm İbrahimbəyov Azərbaycan Neft və Kimya İnstitutunu bitirib və daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisasları üzrə təhsilini davam etdirib.

Dramaturq qeyd edir ki, Neft Kimya İnstitutunu bitirəndən sonra bir neçə il elmlə məşğul olub: “Neft institutunu qurtarandan 9 il sonra Bakıda kibernetika üzrə beynəlxalq qurultay oldu. Dünyanın çox böyük alimlər iştirak edirdilər, tədbiri beynəlxalq təşkilat keçirirdi. Orada kibernetika üzrə Azərbaycandan yeganə məruzəni mən elədim. Həmin məruzədə ilk dəfə neftayırma zavodunun operatoru ilə yazıçı ssenariçinin gördüyü işin yaxınlığını açdım. Hamı mənə uğurlu alim kimi baxırdı”.Bəlkə də elm dalınca gedə bilərdi, ancaq kino sevgisi, nəsrlə məşğul olmaq, teatrlar üçün pyeslər yazmaq, bir sözlə, qələmin gücü ilə yaratmaq onu daha çox özünə cəlb etdi.

Görünür bu da taleyin hökmüdür, nə istədiyinə deyil, nədə daha çox güclü olduğuna maraq yaradır.

Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib. Pyesləri 100 dən çox ölkənin teatrlarında tamaşaya qoyulub.

Doğrudur, qurucusu olduğu Demokratik Qüvvələrin Milli Şurasındakı fəaliyyəti, 2013-cü ildə birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizəd kimi göstərilməsi və s. məqamlar zaman keçdikcə, heç də birmənalı qarşılanmadı. Sadəcə öz işi ilə məşğul olan, tutduğu mövqedən dönməyən kinodramaturq bildirir ki, ziyalılar öz vətəndaş borclarını yerinə yetirməlidirlər: “Mən də özümü siyasətdə görmürəm, siyasət deyəndə ölkədəki vəziyyəti nəzərdə tuturam. Həmişə demişəm ki, siyasətdən uzağam, məni yalnız bir məqam narahat edir ki, Azərbaycanda ictimai rəy demək olar ki, yoxdur. Hökumət möhkəmdir və möhkəm də olmalıdır, bu vəziyyəti də yaratmaq üçün cəmiyyətdə stabilliyi təmin edən nüfuzlu ictimai rəy olmalıdır. Mən hökumətin mənafeyi üçün çıxış edirəm, istəyirəm dövlət daha da möhkəmlənsin, ölkəmiz inkişaf etsin, kimlərsə dövlətin adından şəxsi maraqlarını həyata keçirməsinlər. 100 nəfər nüfuzlu ziyalı bir araya gəlib, problemləri desə, məncə, bu, eşidilər”.

Vətəndaş mövqeyindən bir an da olsun əl çəkməyən, yaradıcı fəaliyyətinə bir an da olsun ara verməyən Rüstəm İbrahimbəyov hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətində geniş layihələrə start verib. İstər İttifaqın nəzdində fəaliyyət göstərən Kino məktəbinin fəaliyyəti, istər Kino Evindəki  filmlərin, festivalların, yaradıclıq gecələrinin təşkili və s. görülən işlərin sadəcə bir qismidir, görüləcək işlər irəlidədir.

81 yaşına qədəm qoyan, Azərbaycanımızın dəyərli İnsanı Rüstəm İbrahimbəyov!

Sizi bu əziz gün münasibətilə böyük səmimiyyətlə təbrik edir, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından yeni-yeni uğurlara imza atmağınızı arzulayır və “DAİMA VAR OLUN USTAD” deyirik.

Azərbaycan Kinematoqrafçılar İttifaqı