Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Lalə Bağırzadənin ad günüdür

Yubiley silsiləsindən olan ad günlərimiz davam edir. Bu gün dünyaya göz açan, 65 yaşın sevincini yaşayan önəmli simalardan biri də,  aktrisa, publisist Lalə Bağırzadədir.

Lalə Bağırzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra film çəkilişlərinə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə – “Yaramaz” (1988 , “Lətifə” (1989), “Gecə qatarında qətl” (1990), “Güzgü” (1990), “Fəryad” (1993), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2013) maraqlı ifası ilə tamaşaçı rəğbətini qazanıb. Onun “Anekdot” filmindəki Rimma rolu xüsusuilə seçilir və bu obraz geniş tamaşaçı kütləsinin marağına səbəb olub.

Film çəkilişləri ilə yanaşı, publisist məqalələrlə oxucu kütləsini düşündürməyi bacaran Lalə Bağırzadənin peşəkarlığı onun  geniş dünya görüşündən xəbər verir.

Xanımın yaşını deməzlər, ancaq Lalə Bağırzadə bu yaşına kimi qaynar iş fəaliyyəti ilə addım-addım irəliləyib, həyatı dolu-dolu yaşayıb və qələmi bir an da olsun əlindən yerə qoymayıb, deməli həyat hələ irəlidədir.

Lalə xanımı Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından böyük səmimiyyətlə təbrik edir, “qələminiz daha da kəsərli olsun, müxtəlif janrlı filmlərdə yeni-yeni rollara imza atasınız” deyirik.

Azərbaycan Kinematoqrafçılar İttifaqı