Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rüfət Əsədovun filmi Yəhudi Film Festivalında

ABŞ-ın Nyu-York şəhərində Nyu-York Sephard Yəhudi Film Festivalı keçirilib. 23 fevral – 2 mart 2020-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilən 23-cü Nyu-York Sephard Yəhudi Film Festivalında Azərbaycan rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rüfət Əsədovun quruluşunda çəkilən “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub.

Qeyd edək ki, R.Əsədov müraciət etdiyi mövzular əsasında çəkdiyi fimlərdə (“Vahimə” (1998), “İşıq problemləri” (1999), “Antropoloji sənəd” (2001), “Nemsə Yunus” (2002), “Ümidlərin sınağı” (2004), “Arxada qalmış gələcək” (2005), “Sağlığında qiymət verin insanlara” (2006), “Yeni əsrin şəhəri” (2008), “İtirilmiş həqiqət” (2010-2012, 3-4-cü seriyalar), “Ağır illər… Xoş xatirələr” (2014) və s.) rejissor kimi öz dəst-xətti ilə seçilib. Rejissorun 2016-cı ildə çəkdiyi “Kənddə sonuncu yəhudi” filmi xronometrajı 32 dəqiqəlik filmdir. Filmin mövzusu həyatdan götürülüb. Belə ki, XIX əsrin əvvəlində Şamaxı zəlzələsindən sonra yəhudilər Mücü kəndindən köçərək indiki İsmayıllı rayonunun ərazisindəki Mücü-Həftaran kəndini yaradırlar. Sonralar əhalinin bir hissəsi Bakıya, Göyçaya, digər hissəsi isə İsrailə köçür. Hazırda orada yeganə yəhudi Meir Manaşirov qalıb. Onun 83 yaşı var. Bacı-qardaşları, övladları İsraildə, Amerikada yaşayırlar. O isə bu torpağı, valideynlərinin məzarını atıb getmək fikrində deyil.

Rüfət Əsədov bildirib ki, ölkəmizdə bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur. Bu baxımdan da “Kənddə sonuncu yəhudi” filmi Azərbaycanda yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahürüdür.

“PicMus Productıon”(Azərbaycan), “Prometheus Productıon” (ABŞ) şirkətlərinin birgə istehsalı olan film Xorvatiyada keçirilmiş “Festival of Tolerance Zagreb”də, İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında, eyni zamanda ABŞ və Avropa ölkələrində dəfələrlə nümayiş olunub.

Yeri gəlmişkən, İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında fim iki diploma layiq görülüb. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Filmin ssenari müəllifləri Vaqif Azəryar, Rüfət Əsədov, operatoru Yuri Varnovski, səs rejissoru Pərviz Ramizoğludur. Filmin prodüserləri Oleq Harenkar, Rüfət Əsədov, montajçı isə Vüsal Nazimoğludur.

Azərbaycan Kinematoqrafçılar İttifaqı