Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradıcısı Lətif Səfərovun ad günüdür

Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradıcısı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun dünyaya göz açdığı gündür…

…1950-ci illər Azərbaycan kinosunun ən böhranlı vaxtına  təsadüf edir. Həmin il studiyada İ.Xeyfis, A.Zarxi və R.Təhmasibin birgə çəkdikləri “Bakının işıqları” bədii filmindən başqa heç bir film çəkilməmişdi. Hətta həmin film də ekranlara buraxılmamışdı. Məhz həmin məqamda Lətif Səfərov kinooperator dostları Xan Babayev və Teyyub Axundovla birlikdə “Gədəbəyin sərvəti”, uşaqların həyatından bəhs edən “Gənc leninçilər” və sərhəd qoşunlarına həsr olunmuş “Azərbaycan sərhədçiləri”,  “Quba bağlarında” sənədli filmlərini çəkir. Eyni zamanda “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, mərkəzi xronika studiyası (Moskva) üçün də bir çox süjetlər çəkir.

Lətif Səfərov xatirələrində yazırdı ki, institutu bitirəndən sonra studiyanın tapşırığıyla sərhədçilərdən bəhs edən bir film üçün material toplayırdım: “ Bir kapitanın və avtomatçı serjantın məni gecə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında aparırmışlar ki, birdən o taya keçərəm. Bədii film çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağıma peşman deyiləm. Bu, gözəl məktəb idi-həyatımda, çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar… Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək və göz olmalıdır. Yalnız belə olan halda sən onları görə bilərsən. Əgər sənin qəlbin yoxsa, sən onları görməyəcəksən – fonoqramla təsvirin sinxronluğu olmayacaqdır”.

Sonralar o, ”Bəxtiyar”, “Qızmar günəş altında” “Leyli və Məcnun” tammetrajlı bədii filmlərini çəkərək özünü kinoda tam olaraq təsdiq edir. Ancaq bütün bunlar nədənsə onu etmirdi. Sadəcə ssenari yazmaqla, sənədli, bədii filmlər  çəkməklə Azərbaycan kinematoqrafiyasını inkişaf etdirmək olmazdı, bir şeylər etməyə ehtiyac vardı…

Moskva onun ümid yeri olsa da, o dövrdə mərkəzdə təkbaşına mübarizə aparmaq, Azərbaycan maraqlarından çıxış etmək o qədər də asan məsələ deyildi. Ancaq uşaqlıqdan cəsarətilə, azad düşüncəsilə seçilən L.Səfərov Azərbaycan kinosunda daha çox işlər görmək üçün öz şəxsi arzularından, şəxsi maraqlarından imtina edir və bunun nəticəsi özünü tez göstərir…

…3 oktyabr 1958-ci ildə SSRİ Nazirlər Sovetinin 3 oktyabr 1958-ci il – 1173 saylı qərarı ilə SSRİ-nin tərkibində olan bütün respublikalarda Kinematoqrafçılar İttifaqlarının yaradılması məsələsi reallaşır. Yaradıcı adamların ümid yeri olan ittifaqların yaradılması əslində çox vəd verirdi. Bu baxımdan Moskva Lətif Səfərovun cəsarətini bəyənir və ona işləmək üçün imkanlar yaradır.

1958-ci ildə Lətif Səfərov Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunu yaradır və həmin büronun sədri seçilir. Kinematoqrafçıların haqlarını qorumaq, onlara film çəkmək imkanları yaratmaq, ümumiyyətlə Azərbaycanda kinematoqrafiyanı inkişaf etdirmək məqsədilə yaradılan təşkilat bürosu elə ilk gündən də fəaliyyəti ilə diqqəti çəkir. Belə ki, Lətif Səfərov xarakterindən irəli gələn təşəbbüskarlığı ilə az zamanda çox iş görməyə can ataraq bu təşkilat bürosunu fəaliyyətini diqqətə çəkir. Axı Moskva qarşısında öhdəçiliyi var idi, söz vermişdi, ona şərait yaradılmışdı ki, sözünü tutsun…

1959-cu ilin yanvarında İttifaqın 7 nəfərdən ibarət təşkilat bürosu, bədii kinematoqraf, sənədli və elmi-kütləvi kino, dramaturgiya, tənqid və nəzəriyyə, elmi-texniki və həvəskarlar bölmələri yaradıldı. İttifaqın 9 nəfərdən ibarət təşkilat bürosunun üzvləri: Lətif Səfərov (sədr), Hüseyn Seyidzadə (sədr müavini), Rza Şahvələd (məsul katib), Əlisəttar Atakişiyev, Muxtar Dadaşov, Tofiq Tağızadə, Arif Nərimanbəyov, Rza Təhmasib, Məmməd Hüseynov (üzvlər).

İlk dəfə vəzifə səlahiyyətlərinə sahib olan Lətif Səfərov bunun necə bir məsuliyyət yükü olduğunu dərk etdiyi qədər də, mövcud durumda daha çox iş görə biləcəklərini də hesaba alırdı. Bu baxımdan da vəzifə onun xarakterini dəyişmir, əksinə iş həyatına daha güclü ahənglə davam edir və mövcud nöqsanlara qarşı səsini daha da ucaldır…

Onun cəsarətinin, tələbkarlığının, mübarizə dolu işgüzarlığının  nəticəsi idi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı bu illər ərzində fəaliyyətinə bir an olsun ara vermədi…

Azərbaycan Kinematoqrafçılar İttifaqına gözəl bünövrə qoyan ustadı ad günündə böyük sevgi, hörmət və ehtiramla yad edirik!

aki.az