“Azərbaycan kino ustaları” seriyasından ilk kitab işıq üzü gördü

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə, Həsən Seyidbəyliniin 100 illiyinə həsr olunmuş kitab nəşr olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il görkəmli yazıçı, ssenarist, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur.

H.Seyidbəylinin 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb. Onun haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlər planından biridir.

Qeyd edək ki, müəllif tərəfindən Həsən Seyidbəyli/Şəxsiyyət və Yaradıcı/ adlandırılan kitabda  görkəmli sənətkarın son 50 ildə filmlərinə yazılmış resenziyalar, yaradıcılığını əhatə edən, çoxcəhətli fəaliyyətinə həsr olunmuş məqalələr, çəkiliş məqamlarının kadrarxası və onun şəxsiyyətini xarakterizə edən müsahibələr yer alıb.

Kitabda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun, Azərbaycan Kinematoqrafçlar İttifaqının katibi Anarın, kinoşünas Aydın Kazımzadənin, Mehdi Mükərrəmoğlunun, eləcə də bir çox kino yazarlarının rejissor haqqında ollan, onun yaradıcılığından bəhs edən məqalələr yer alıb.

Rüstəm İbrahimbəyov kitabda-rejissor haqqında söylədiyi fikirlərdə maraqlı bir məqamı diqqətə çəkib: “Həsən Seyidbəyli məhz “Sən niyə susursan” filmi ilə təfəkkür durğunluğunun lillənmiş suyuna daş atdı”.

Anar isə rejisor haqqında söylədiyi fikirlərdə deyib: “Həsən Seyidbəyli bədii yaradıcılıqda iki istiqamət – ədəbiyyatla kino arasında qalmışdı. Kino onun sənəti, ədəbiyyat isə istedadı idi”.

Kitabın məüllifi Nəriman Əbdülrəhmanlı giriş sözündə rejissoru əsasən yazıçı, ssenarist, rejissor və kino təşkilatçısı kimi xarakterizə edərək bildirib ki, yetərincə ekran təcrübəsi olan, kinoda öz mövzuları ilə tanınan H.Seyidbəyli eksperimentlər aparmaqdan, özünü başqa janrlarda sınamaqdan da çəkinməyib.

Həsən Seyidbəyli/Şəxsiyyət və Yaradıcı/ adlandırılan toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.

Yeri gəlmişkən, toplu Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk nəşridir.

Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən xəbərə görə, kino tariximizin geniş təbliği üçün “Azərbacan kino sənətkarları” seriyasından növbəti kitab Lətif Səfərova həsr olunacaq. Bundan başqa 122 illik kino tariximizin geniş işıqlandıran “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi də yaxın həftələrdə nəşr olunacaq.

aki.az