Azərbaycan kinosu Kann Festivalının “La Semaine de la Critique” proqramında

73-cü Kann Kinofestivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında Azərbaycan filmi də yer alıb. Teymur Hacıyevin çəkdiyi “Axşama doğru” qısametrajlı filmi ailə dramı üzərində qurulub, gənc cütlüyün əhvalatından bəhs edir.

Azərtac-ın məlumatına görə, “Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.

Xatırladaq ki, “Tənqid Həftəsi” (La Semaine dela Critique) Kann Kino Festivalının 1962-ci ildə Fransa kino tənqidçiləri sindikatı tərəfindən təsis edilmiş ən qədim paralel proqramıdır.

Xüsusi müşayiət proqramı ilə işə başlayan “Tənqid həftəsi” bu il 5 uzunmetrajlı və 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanacaq. “Tənqid həftəsi 2020” etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək Festival Scope Pro platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.

Yeri gəlmişkən, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.

Film İTV-in dəstəyilə “FIL PRODUCTION” və “Mandarin Agency” şirkətləri tərəfindən çəkilib. Filmin ssenari müəllifi Teymur Hacıyev, operatoru Yevgeni Rodindir. İştirak edirlər: Leyla Mədətxanova,Teymur Hacıyev, Gültəkin Ağayeva və Oktay Mirzəyev.

Aki.az