Azərbaycan kinosunda nağıl janrı

Şifahi xalq ədəbiyyatının ən çox yayılmış janrlarından biri də Nağıl janrıdır. Bu janrın yazıldığı tarix məlum olmasa da, xalqın həyatı, inancları, xəyalları üzərində qurulduğu üçün elə xalq içindən çıxdığı məlum olur. Ədəbiyyatda nağıl janrına necə böyük maraq varsa, eləcə də kinoda bu janr böyükdən kiçiyə hamı tərəfindən maraqla qarşılanır. Bir çox çox nağıl filmlərimiz var ki, uzun illər əvvəl çəkilməsinə baxmayaraq hələ də baxılır, bir sözlə, uğurlu ekran taleyini yaşamağa davam edir.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası nağıl janrına çox az hallarda müraciət edib hər dəfə də qədim xalq folklorundan müəyyən mənada istifadə olunub.

Məmmədhüseyn Təhmasib nağıl janrının banisi kimi

1959-ci ildə “Bir qalanın sirri” filmi istehsalata buraxılıb. Filminin ədəbi ssenarisini, xalq yaradıcılığını dərindən bilən Məmmədhüseyn Təhmasib yazıb. Xalq folkloruna əsaslanmaqla nağıl motivləri əsasında elmin, zəkanın güclə birləşdikdə xalqın əlində qüdrətli və yenilməz bir qüvvəyə çevrildiyini aydın göstərməyə çalışan müəllif, eyni zamanda  nağıllarımızın xüsusiyyətlərindən sənətkarlıqla istifadə etməklə dramatik ziddiyyətlər, gərgin, maraqlı vəziyyətlərlə dolu, rəngarəng obrazlarla zəngin cəlbedici bir ssenari yaratmağa müvəffəq olub.

Yeri gəlmişkən, M.Təhmasib kino üçün yaratdığı əsərlərdən fərqli olaraq teatr aləmi ilə də sıx təmasda olub. Misal olaraq “Çiçəkli dağ” pyesinin 1954-1955-ci teatr mövsümlərində Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya qoyulmasını və bundan sonra əsər kino üçün ədəbi ssenari şəklinə salınaraq “Azərbaycanfilm” kinostudiyasına təqdim olunmasını qeyd etmək olar.

Bir məqamı da qeyd edək ki, müxtəlif nağılların element və motivlərinin əks olunduğu “Çiçəkli dağ” pyesinin əsasında yazılan “Bir qalanın sirri” filminin ssenarisi ideoloji müdaxilələrə məruz qalıb.

1934-cü ildən işıq üzü görən “Ədəbiyyat” qəzetində “Folklora söykənən ssenarilər” başlıqlı məqalədə kinoşünas Aydın Dadaşov Məmmədhüseyn Təhmasibin yaradıcılığından geniş formada bəhs edərək yazır: “60-cı illərə qədər milli kinodramaturgiyamızın strukturuna mifoloci estetikanın tətbiqi birbaşa və dolayı şəkildə Məmmədhüseyn Təhmasibin adı ilə bağlıdır. Mifoloci estetikadan bəhrələnən filmlərin dastan və nağıl təhkiyəsinin təsiri altında formalaşan xətti dramaturji struktur mozaik hadisələr sistemini dağıtmaqla kütləviliyə meydan açdı. Rersonajların pislərə və yaxşılara bölünərək açıq oyuna girməsi dolaşıq deyil, üzdə olan açıq ziddiyyət hesabına gözönü hadisələrin xətti sücetdə təqdimatı özünü təsdiq etdi”.

Əlisəttar Atakişiyev nağıl filmlərinin rejissoru kimi

Əlisəttar Atakişiyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooreratorluq fakültəsini bitirəndən sonra bir müddət “Mosfilm” və Tallin kinostudiyalarında kinoorerator vəzifəsidə çalışıb, geniş təcrübə keçib. Daha sonra “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam, kinooperator, rejissor, ssenarist kimi fəaliyyət göstərib. Belə bir zəngin təcrübə yolu keçmək nəticədə ona ən dəyərli sənət nüminələrinin (“Bakılılar”(L.Kosmatov, D.Feldmanla birgə), “Bir ailə”(Ə.İsmayılov, T.Lebeşevlə birgə), “Arşın mal alan”(1945-Muxtar Dadaşovla birgə), “Fətəlixan”, “O olmasın, bu olsun”, Uzaq sahillərdə(Rasim Ocaqovla birgə), “Sovet Azərbaycanı”, “Doğma xalqımıza” və s. filmlərin oreratoru və rəssamı, “Mahnı belə yaranır” filminin rəssamı” yaranmasında böyük rol oynayır. Quruluşçu rejissor kimi isə “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir”, “Qərib cinlər diyarında” bədii filmlərini çəkir.

Rejissor fəaliyyəti dövründə 3 nağıl filminə (“Bir qalanın sirri”, “Sehrli xalat” və “Qərib cinlər diyarında”) quruluş verib. Həmin filmlərin çəkilişindən uzun illər keçməsinə baxmayaraq hələ də baxılır. Filmdəki mürəkkəb kadrların məharətlə verilməsində, aktyorların oyununda, fantastik nağıl ünsürləri ilə real həyat səhnələrinin ustalıqla əlaqələndirilməsində və nəhayət filmin təbiiliyində açıq-aydın görmək mümkündür ki, müəllifin fikirlərinin tamaşaçılara yaxşı çatması üçün rejissor münasib detallar tapa bilib.

Kino tənqidçiləri qeyd edirlər ki, filmdəki rəngarəng kadrlar quruluşçu rejissorun nağılların ruhunu yaxşı duyduğunu, əsəri doğru-düzgün şərh edə bildiyini, eyni zamanda zəngin fantaziyaya malik olduğunu göstərir.

Təsadüfi deyil ki, filmdə rəssam işini öz öhdəsinə götürən rejissor ikiqat ağır şəraitdə çalışmasına baxmayaraq sonda istənilən nəticəni əldə edə bilmişdir.

“Qanlı qala” adı “Bir qalanın sirri” ilə əvəz edildi

Ssenaridən fərqli olaraq çəkiliş prosesində rejissor filmi “Qanlı qala” adlandırır. Moskva uşaq filminin məhz qan sözü ilə adlandırılmasının əleyhinə çıxır. Bir çox fikir mübadilələrindən sonra filmi “Bir qalanın sirri”(1959) adlandırılır və bu adla da təsdiq olunur.

Filmin çəkilişləri Mingəçevir bəndinin yanında Bozdağın ətəklərində, İsmayıllıda, Mərdəkanda, iç görüntüdən çəkilən erizodlar isə pavilyonda lentə alınıb. Filmdə böyük məharət və sənətkarlıqla çəkilmiş bir çox kadrlar-dağ mənzərələri, sərt və sıldırım qayalar, dərviş və rəmmalın iştirak etdiyi səhnələr, multirlikasiyadan istifadə olunmuş lövhə, itlə atın söhbəti, zindan səhnələri ciddi yaradıcılıq axtarışları nəticəsində tarılmış və lentə alınmışdır. Bunun üçün isə əsərin süjet ardıcıllığı və təbiiliyi gözlənilmiş, əsas ideyanın qabarıq verilməsi üçün kino sənətinin geniş imkanlarından səmərəli formada istifadə olunmuşdur. Fimdə Bakının 26 saylı orta məktəbinin bir qrup məktəblisi sınaq çəkilişlərinə dəvət olunub. Onlar arasında Telman Əliyevlə, Fərhad İsmayılovun ifası maraqlı alındığı üçün hər iki məktəbli rollara təsdiq olunurlar. Ancaq balaca aktyorların əsas rollara təsdiq olunmaları hələ işin başlanğıcı idi. Onları kino mühitinə öyrətmək, kamera qarşısında dayana bilmələri, ssenaridən öyrəndikləri sözləri sadəcə əzbərçi kimi deyil, onu içindən keçirərək təbii formada söyləmək kimi çətin bir iş müəllifləri düşündürməyə bilməzdi. Bu çətinlikləri dəf etmək naminə ilk günlər balaca aktyorlarla gərgin məşq proseslərinə başlanılır. Əlisəttar Atakişiyev bunun üçün görkəmnli rejissor, pedaqoq Rza Təhmasibdən xahiş edib ki, uşaqlarla məşğul olsun. Hazırlıq proseslərindən tutmuş çəkilişin son məqamlarına qədər Məmmədhüseyn Təhmasib bir müəllif kimi, Rza Təhmasib isə bir müəllim kimi çəkilişdə iştirak edib. Yəqin ki. Filmin bədii cəhətdən güclü alınmasının səbəbi məhz bu kimi hazırlıq proseini keçməsindən ibarət olub. Yardıcı heyət hər xırda detala böyük önəm verib

“Sehrli xalat” –  gələcəyin carçısı kimi

Əlisəttar Atakişiyev ilk dəfə quruluş verdiyi nağıl filmindən (“Bir qalanın sirri”) fərqli olaraq “Sehrli xalat”da (1964) qəhrəmanlarını həyat bilgilərini və elmi təfəkkürlərini yetkinləşdirməyə çalışan əməksevər kimi  və iddialı məktəblilər kimi təqdim edib. Rejissor nağıl janrlı filmə fantastik-macəra janrını əlavə etməklə keçmiş və gələcək haqqındakı təsəvvür, arzu və düşüncələrini daha rəngarəng şəkildə tamaşaçılara təlqin edir, quraşdırma səhnələrin ustalıqla dəyişikliyinə əsasən keçmişlə gələcəyi əsaslı şəkildə müqayisələndirir.

Əlisəttar Atakişiyevin həm də kino rəssamı olması eyni zamanda animasiya kadrları üçün lazımlı olan dekorasiyalarla əlaqədar şəxsən məşğul olmasına imkan yaradırdı. Filmdə gördüyümüz ipək parçadan tikilmiş sehrli xalatın üzərində olan rəsmləri Əlisəttar müəllim öz əli ilə işləyib. Əsasən “Azərbaycanfim” kinostudiyanın pavilyonunda çəkilən filmdə keçmiş və gələcəyin göstərilməsi, sarayın interyerinin qüsursuzluğu filmin uğurlu alınması haqqında çox söz deyir. Qəhrəmanların sehrli xalatla keçmişə səyahəti zamanı Orta əsr dövrünün qanunsuzluqlarını, insanların zülm və qəddarlıqla qarşılaşdığını görmək, ictimai bərabərsizlik, zülmün ifrat həddi Xanın hüzuruna gətirilən yaşlı kişi və iki uşağın timsalında təhlil olunması artıq rejissor işinin yüksək peşəkarlığından xəbər verir.

Maraqlısı odur ki, Əlisəttar Atakişiyevin bu filmdə əksini tapan gələcəklə bağlı düşüncələri illər sonra üçün sanki mesaj verir, nələr olacağını proqnozlaşdırır – elektron kitabların oxunuşu, rəqəmsal videokameranın təqdimatı, görüntülü əlaqə yaratmaq, insanların aya səyahəti, işıqlandırmanın kənardan idarə edilməsi və s.

Filmdə təsvir olunan pionerlər sarayı “Azərbaycanfilm” kinostudiyanın pavilyonunda qurulub. Xanın şosedə məktəblilərdən qaçdığı natura kadrları isə Bakıda (Maştağa ilə Buzovna, Nardaran arasındakı yollarda) və Göyçayda (pambıq tarlasında) çəkilib.

Filmdə maraqlı epizodlardan biri də pionerlər sarayının uşaqlar tərəfindən bəzədilməsi ilə yanaşı, bütün məhsuldar və çətin işlərin öhdəsindən onların bacarıqla gəlməsi fikridir. Elektrik naqillərini yoxlayan Eldar məsuliyyətli və qorxulu bir işlə məşğuldur. O, montyor kimi çətin bir işin öhdəsindən gəlir. Rejissor bununla demək istəyirdi ki, uşaqların istedadları vaxtında doğru səmtə yönləndirilməlidir. Keçmişə və gələcəyə qorxmadan səyahət edən məktəblilərin cəsurluğu, elmə, biliyə meyilliliyi kimi məqamlar məhz yeni nəslin belə dünyagörüşlü olmasını arzulamaqdır.

“Qərib cinlər diyarında” – 1977

Hikmət Ziyanın ssenarisi əsasında Əlisəttar Atakişiyevin quruluşunda çəkilən “Qərib cinlər diyarında” filmində insan iradəsinin yenilməzliyindən bəhs edir. Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası-Qərib haqqında söhbət açır. Gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir. Əlbəttə ki, qarşılığında Qərib cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Qəhrəmanımız bu addımı atır, az  zamanda var dövlət sahibi olur və çox tez başa düşür ki. bu cür var-dövlət vətəni, ananı, ailəni əvəz edə bilməz. Bu nağıl filminin tərbiyəvi əhəmiyyəti məhz düşüncə və düşündürmə bacarığı üzərində qurulub.

HAŞİYƏ: 1976-cı il martın 10-da bu filmin rejissor ssenarisi kinostudiyanın Bədii Şurasında müzakirə olunarkən qeyd edilmişdi ki, quraşdırma çəkilişlərinin çoxluğu, studiyanın material bazasının zəifliyi, pulun, kostyumların, pariklərin, maskaların olmaması kino əsərinin yüksək professional səviyyədə yaradılmasına mənfi təsir göstərəcək.

Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanov söylənilən fikirlərlə bağlı demişdi: “Kinostudiya çoxdandır ki, belə filmlər çəkmir. Ə.Atakişiyev “Sehirli xalat”dan sonra indi uşaqlar üçün maraqlı film yaratmaq imkanı əldə edib. Bunu redaksiya kollegiyasının və Bədii Şura üzvlərinin rəylərindən də aydın görmək olar. Ə.Atakişiyevin ustalığı artığı burada özünü göstərir. Belə filmi ərsəyə gətirmək çox çətindir. Ona görə də hamı qollarını çırmalayıb həvəslə işə girişsə, nəticə də yaxşı olar”.

Bədii Şurada kinorejissor H.Seyidbəyli: “Rejissor kinossenarisi yüksək professional səviyyədə yazılıb. Əlisəttar Atakişiyev filmi görür və hiss edir. Ümidvaram ki, uşaqlar üçün yaxşı, maraqlı nağıl alınacaq”.

Əlisəttar Atakişiyevin xatirələrindən: “Çəkiliş qrupu qarşısında çox mürəkkəb vəzifə durur: yeni tələblərə cavab verən yaxşı keyfiyyətli film yaratmaq. Mən konkret olaraq düşünürəm ki, filmin istehsalı üçün bizim kinostudiyanın bazasında hansı işləri görmək lazımdır. Moskvada və Yaltada mütəxəssislərlə bu barədə məsləhətləşmişəm. Ən mürəkkəb obraz Əjdahadır. Moskvada mütəxəssislərlə bu barədə söhbət etmişəm. Onlar içərisində mexanizmlər gizlədilmiş iri maket hazırlamağı təklif edirlər. Biz əjdahanı imkan daxilində qısaldılıb dörd metrəyə çatdırdıq. Bu maket iki nəfər işçi tərəfindən idarə olunacaq. Çətinliklər çox olsa da, studiya bizə kömək etsə, hər şey yaxşı olacaq. Mən bir rejissor kimi imkan vermərəm ki, film başdansovdu çəkilsin. Biz yüksək keyfiyyətli, əyləncəli, gözəl, fantastik nağıl yaratmalıyıq. Uşaqlar bu filmi gözləyirlər…”

Belə bir film-nağılı çəkmək üçün “Azərbaycanfilm” kinostudiyasında şərait uyğun olmasa da Ə.Atakişiyevin  yaratmaq həvəsi, işə məsuliyyətlə yanaşması ilə “Qərib cinlər diyarında” kino əsərinin meydana gəlməsinə səbəb oldu.

Xatırladaq ki, Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış “İbrahimin sərgüzəştləri” əsərinin müəllifidir və rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda olub. “Azərbayacnfilm” kinostudiyasına müraciət etsə də, müraciəti qəbul olunmayıb. Həmin ərəfədə “Tacikfilm”dən təklif gəlir: “Əlisəttar Ələsgəroviç, buyurun gəlin, filmi özünüz çəkin, sizə hər şərait yaradılacaq”.

“Tacikfilm”in təklifini qəbul etməyən rejissorun cavabı: “Azərbaycan adlarını dəyişdirməyə əlim gəlmir. Bir də nəyə görə Azərbaycan folkloru başqa kinostudiyada çəkilməlidir? Mən gözləyəcəyəm. İllərlə də olsa, gözləyəcəm”…

Gözləri yolda qalan rejissor çox gözləsə də bu arzusunu həyata keçirə bilmədi. Bəllkə də ona görə ki, həmin dövr “Azərbaycanfilm” kinostudiyasının böhranlı dövrü idi və böhran uzun illər davam etdi.

Əlisəttar müəllimin çəkdiyi nağıl filmlərindən sonra “Azərbaycanfilm” kinostudiyası nağıl filmlər çəkdi, ancaq onun bütün imkanlarından istifadə edərək böyük məsuliyyətlə yanaşıb nağıl filmlər yaratması, onları sənət nümunəsi səviyyəsinə yüksəltməsi kimi məqamlar bir daha olmadı….

Xədicə QİYAS