Azərbaycan kinosunda Novruz adət-ənənəsi

Azərbaycanda Novruz bayramı yazın gəlişinin, təbiətin oyanışının ilk müjdəsini gətirən xalq bayramı hesab olunur. Tarixi keçmişimizə nəzər salsaq o zaman görərik ki, tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında və inkişafında, eyni zamanda onun tam bir düşüncə sisteminə çevrilməsində böyük rol oynayıblar. Bu yazıda Azərbaycan kinosunda Novruz bayramı necə təsvir olunub, hansı təzyiqlər hesabına Novruz kadrları yaranıb, ümumiyyətlə milli kinomuzda Novriz ənənəsi necə izah olunub kimi məqamlara aydınlıq gətirəcəyik.

NOBRUZ BAYRAMINA FƏLSƏFİ VƏ DİNİ BAXIŞ

Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Belə ki, insanın dörd ünsürdən – su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur.

Ən maraqlı məqamlardan biri də odur ki, “Qurani-Kərim”də Novruz bayramından bəhs olunmasa da, dini rəvayətlərin bəzilərində bayram kimi qeyd olunan mühüm günlər təriflənir və ona hörmət edilməsi qeyd edilib.

BAYRAMIN RƏSMİ SƏVİYYƏDƏ QEYD OLUNMASI

1967-ci il…SSRİ imperiyasının təzyiqlərlə, qadağalarla dolu olan bir dönəmi…Həmin il Azərbaycanda ilk dəfə Novruz bayramı “Bahar” bayramı adı altında rəsmi səviyyədə respublika ərazisində olunub. Qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında Azərbaycan kommunistlərinin o vaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir.

1967-cı ildə Novruzun qeyd edilməsi baş tutsa da, növbəti ildə- 1968-ci ildə buna imkan verilməyib. Bunun nəticəsidir ki, Vəli Axundov və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalıb.

HAŞİYƏ: Etiraf etmək lazımdır ki, Rusiya bir dövlət olaraq daima açıq oyunlar nümayiş etdirir. Bu baxımdan da SSRİ dövründə qadağalara sadəcə olaraq türk dövlətlərinin məruz qalması, onların bilərəkdən adət-ənənəsindən, dinindən uzaqlaşdırılması siyasi bir oyun idi. Rusiya buna nə dərəcədə nail oldu, bu, artıq başqa bir söhbətin mövzusudur.

1967-ci ildə bayram rəsmiləşdirlir, 1968-ci ildə yenidən qadağalar başlayır və 1969-cu ildə vəziyyət mürəkkəıb olduğu qədər də konkret olaraq ortaya iş qoyulur.

XIX ƏSRİN TARİXİ PROSESLƏRİ VƏ YA ADƏT-ƏNƏNƏYƏ QAYIDIŞ

Xalq yazıçısı İsmayıl Şıxlı XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən “Dəli Kür”  əsərini 1957-ci ildə qələmə almağa başlamış, 1967-ci ildə tamamlamışdır. Ola bilsin ki, 1967-ci ildə Novruzla bağlı olan rəsmi söhbətlər “Dəli Kür” romanına da öz təsirini göstərib.

1969-cu ildə yazıçı İsmayıl Şıxlının  eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadə “Dəli Kür” filmini çəkir. İsmayıl Şıxlı sadəcə əsərin deyil, eyni zamanda fimin ssenari müəllifi kimi “Dəli Kür” filmində, yəqin ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq Novruz bayramının təsvirini yaradır, fimin bir neçə epizodunda bayram adət-ənənəsini göstərir. Hətta “yuxarıların” icazəsi alınmadan filmdə Novruz bayramı olan epizodlara yer verib.

Onu da qeyd edək ki, filmdəki Novruz səhnəsi Şamaxının Dədəgünəş kəndində çəkilib. Və önəmli məqamladan biri də odur ki, milli ruhlu yazıçı kimi tanınan İsmayıl Şıxlı nə  qədər təkidlə əsərdə Novruzdan bəhs edibsə, eynilə də milli ruhlu rejissor kimi filmlər ərsəyə gətirən Hüseyn Seyidzadə də eyni inadkarlıqla filmdə həmin epizodların çəkilməsi uğrunda mübarizə aparıb. Belə ki, rejissor filmin hazırlıq prosesində “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgandərovun yanına gedir və onunla qısa və konkret danışır – icazə olsa da, olmasa da, Novruz səhnəsini filmdə ekranlaşdıracaq.

Yaradıcılığına bələd olduğumuz üçün əminik ki, Adil İsgəndərov sənətlə bağlı önəmli fikirləri alqışlayan və kinostudiayaya rəhbərlik etdiyi dövrdə(1966-1974-cü illər) milli xüsusiyyətləri olan fimlər üçün hər cür şərait yaradıb.

Adil İsgəndərovun Hüseyn Seyidzadənin cəsarətindən xoşu gəlir, “get, ürəyin  necə istəyir, çək, lazım gəlsə, yuxarılarla da danışmaq mənim boyuma” deyir və beləliklə, Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı “Dəli Kür” filmində ekranlaşdırılır.

Fimdən gördüyümüz kimi də Novruz bayramı ilə bağlı kadrlar – şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının «Dirədöymə» oynamaları, bacadan şal atmaları və s. bu qədim bayramın rituallarla təsviridir ki, bu da sənət nöqteyi-nəzərindən təsirli olduğu qədər də maraqlı alınıb.

KİNOREJİSSOR ƏBDÜL MAHMUDBƏYOVUN DEDİKLƏRİNDƏN

“Novruzun təmtəraqlı təsvirinə ilk dəfə “Dəli Kür” filmində rast gəlmişəm. Adil İsgəndərov kinostudiyaya direktor təyin olunduğu və rəhbərlik etdiyi dövrdə milli filmlərimiz yarandı ki, onlar arasında da bayram əhval-ruhiyyəsini əks etdirən filmlər də var idi. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Hüseyn müəllim də belə səhnələrin mahir qurucusu olaraq çox yüksək səviyyədə təşkil etdi. Həmin epizodu Dədəgünəş kəndində qurduq. Hər şey hazır olanda çəkilişlər başladı. O səhnənin çəkilişi isə 1 həftəyə baş tutdu. O çəkilişə 3 dəfə Adil müəllim o vaxtkı mədəniyyət naziri Məmməd Qurbanov, Mərkəzi Komitənin şöbə müdirlərilə gəlib tamaşa etdi. Siz təsəvvür edin ki, Moskvada o cür möhtəşəm filmin təhvili vaxtı Novruz bayramı səhnəsinə necə xüsusi maraq göstərildi. Məhz bu filmdən sonra geniş, təmtəraqlı səhnələr çəkilməyə başladı. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimiz filmdə təsvir olunmuşdu. Filmdə faytonçu Məmmədəlinin(aktyor İsmayıl smanlı) bayram haqda fikirlərinə diqqət edək, Məmmədəli ilə Çernyayevskinin Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, “niyə belə tələsirsən?”. Məmmədəli cavab verir ki, “bizdə bayram axşamında adət belədir ki, gərək hamı evdə olsun”. Bir kəlimə ilə bayramın necə müqəddəs olduğu göstərilir”.

Azərbaycan kinosu ikinci dəfə Novruz bayramına “Yeddi oğul istərəm” filmində müraciət etdi. Yusif Səmədoğlunun ssenarisi əsasında çəkilən, Tofiq Tağızadənin quruluşunda lentə alınan ”Yeddi oğul istərəm” filmində Kosa və Keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Doğrudur “Dəli Kür” filmindəki kimi geniş təsvirlər yoxdur, ancaq önəmli olan odur ki, yenidən müraciət olunub.

KİNOREJİSSOR FİKRƏT ƏLİYEVİN XATİRƏLƏRİNDƏN

1980-ci ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında rejissor Fikrət Əliyev “Qızıl uçurum” filmini çəkir və filmdə Novruzla bağlı epizod təsvir olunub. Filmlərində milli adət-ənənələrə geniş yer verən rejissor xatirələrində deyir ki, filmi çəkən rejissorun əqidəsi, mənəviyyatı və daxili dünyası necədirsə, bu onun filmlərində mütləq özünü büruzə verməlidir. Bəlkə də bu səbəbdən çəkdiyim filmlərdə Novruz və digər adətlərimiz öz əksini tapıb”.

NOVRUZ ƏNƏNƏSİ ANİMASİYA KİNOSUNDA

Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur ki, bu da uşaqlar üçün nəzərdə tutulub. Ona multiplikasiya kinosu da deyilir. Ölkəmizdə cizgi filmlərinin yaranma tarixi XX əsrin əvvəlinə təsdüf edir. Öncə “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərində texniki animasiyadan istifadə olundu. Daha sonra “Cat” təlimat filmi isə bütünlüklə animasiya üzərində quruldu. Və nəhayət kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Cizgi filmləri inikişaf etdikcə müxtəliv mövzulara da müraciət olunmağa başladı. Mövzular içində Novruz bayramının əhjval-ruhiyyəsi bir başqa təsvir istəyirdi və bunu asanlıqla yaratmaq mümkün deyildi.

Prodüser Aydın Abdullayevin dediklərindən: “1989-cu ildə “Azanfilm” yaradıcılıq studiyasında Novruz bayramına həsr olunmuş “Bahar təranələri” adlı multiplikasiya filmi lentə alındı. Rejissor-animator Ağanağı Axundovun ssenarisi və quruluşunda çəkilən filmin ssenarisi bundan 1 il əvvəl SSRİ Kinematoqrafiya Komitəsi tərəfindən qəbul edilməmişdi. Moskavada erməni xislətini gizlətməyən Doleros adlı qadın “bu Türklərin bayramıdır” deyə multiplikasiya filminin ssenarisnin qəbul edilməsinə mane olmaq istəyib. SSRİ Kinematoqrafçılar İttifaqının katibi  Rüstəm İbrahimbəyov Moskvadan razılıq aldıqdan sonra film çəkildi. Həmin filmdə Novruz bayramının adət-ənənələri geniş göstərilməklə Kosa və keçəl personajları,  apapq atdı, yumurta bəzədilməsi, səməni, kəndirbazın oyunları və s. oyunlar öz əksini tapmışdır. “Bahar təranələri” multiplikasiya filmi Azərbaycan animasiya tarixində ən yaxşı filmlərdən biri oldu”.

Qeyd  edək ki, Azərbaycan kinosunda Novruz elementlərinin olması insanlarımızda böyük ruh yüksəkliyi yaradır, onları milli bayramlara daha da bağlayır. Artıq qadağalar dövrü geridə qalıb, müstəqil ölkənin müstəqil kinosu var. Bu baxımdan da istənilən mövzu kinomuza gətirilə bilər. Hətta artıq bir neçə ildir ki, Novruz bayramı beynəlxalq səviyyədə qeyd olunur, dünya Azərbaycanda keçirilən Novruz adət-ənənəsindən danışır. Belə olan halda kinomuzda bu adət-ənəyə yenidən müraciət edərək daha mühüm məqamları kino tarixinə yazmaq mümkündür.

X.QİYAS